Ermənistan silahlanır: “Azərbaycan istənilən sahədə üç addım öndədir”

“Ermənistan sülhdən çox revanşa hazırlaşır”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər sərhəddə baş verən erməni təxribatlarının yenidən müharibə yaratmaq risklərindən danışan hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən məğlub ayrılıb kapitulyasiya aktına imza atan Ermənistanın son illər ərzində ciddi silahlandırıldığı müşahidə edilir.

“Havadarlarının dəstəyi ilə Ermənistan sülhdən çox revanşa hazırlaşır. Məhz həmin dəstəkçilərdir ki, gələcəkdə İrəvana ağır texnikaların, hava hücumundan müdafiə sistemlərinin, hətta ballistik raketlərin veriləcəyini söz veriblər. Bu isə erməni cəmiyyəti daxilində revanşistlərin daha da cəsarətlənməsinə, nəticədə təxribatların artacağını deməyə əsas verir”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, düşmənin hərbi istiqamətdə atdığı addımların hər birini nəzarətdə saxlamalıyıq.

“Lakin nəzərə almaq lazımdır ki, Ermənistana verilən bu silahlar heç bir üstünlük yaratmayacaq. Azərbaycan istənilən sahədə üç addım daha öndədir. Görünür, Ermənistan və havadarları Azərbaycanın humanistliyindən istifadə edərək, öz məqsədləri üçün vaxt qazanmağa çalışır.

Müdafiənin gücləndirilməsi adı altında manipulyasiya xarakterli çıxışlara baxmayaraq, Ermənistana tədarük olunan istənilən silah məhz Azərbaycana qarşı təhdid yaradır. Və əgər hər hansı təhlükə yaranarsa, bütün zəruri tədbirləri həyata keçirməyə hazırıq. Ermənistan üçün isə bu heç də yaxşı nəticələnməyəcək”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29