“Bu qədər intensiv silahlanma təxribatların uzaq olmadığından xəbər verir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesində durğunluğunun səbəblərindən danışan politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan müttəfiqlərinin diktəsi ilə BMT-nin Bakıda keçirilən beynəlxalq iqlim konfransına gəlmədi.
“Onunla birgə Fransa, Kanada kimi ölkələr də iştirak etmədi, yaxud aşağı səviyyədə nümayəndələrlə təmsil olundu. Belə olan təqdirdə, İrəvanın COP29-da iştirakı həmin ölkələr tərəfindən yaxşı qarşılanmazdı. Yəni Ermənistanın Baş naziri Nikol Paşinyan bu amilləri nəzərə alaraq, sözügedən addımdan geri durdu”.
Analitikin fikrincə, COP29 çərçivəsində Ermənistanın şərtlərə əməl edərək, sülh müqaviləsini imzalayacağı ilə bağlı ümidlər vardı:
“Lakin şərtləri qəbul etmədiyi üçün noyabr ayı sülh prosesi üçün demək olar ki, durğun ay olaraq yadda qaldı. Qarşıdakı aylarda danışıqların davam etdirilməsi gözlənilir. Hazırda ən böyük çağırış Ermənistanın silahlandırılması ilə bağlıdır. Bu qədər intensiv silahlanma təxribatların uzaq olmadığından xəbər verir. Azərbaycan ordusu ayıq-sayıq olmalı, hər an, hər bir təhlükəyə adekvat cavab verməlidir”.
Nəsimi Ələsgərli