Ermənistan siyasətində MƏNTİQSİZLİK: “Ermənilərin Avropa İttifaqına üzvlüklə bağlı müraciəti çox gülünc görünür”

 

“Ermənistanın siyasətində son zamanlar baş verən hadisələri məntiqlə izah etmək mümkün deyil. Bunun üçün onların məntiqindən çıxış etməlisən. Onların məntiqi tavtologiya olsa da, daha çox məntiqsizliyə əsaslanır. Çünki ermənilər gah nala, gah da mıxa vururlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Siyasi təhlilçi bu gün Ermənistan parlamentində baş tutan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum müzakirələrindən söz açıb.

N. Şəfiyev əlavə edib ki, ermənilərin Avropa İttifaqına üzvlüklə bağlı müraciəti indiki mərhələdə çox gülünc görünür:

“Təsəvvür edin ki, siyasi və hərbi cəhətdən birbaşa Rusiyaya bağlı olan bir dövlət Avropa İttifaqına üzvlüyə sənəd verir. Doğrudur, sənəd verə bilər, hətta bu siyasi gediş Ermənistanın yox, Avropa İttifaqının maraqlarına xidmət edə də bilər. Eləcə də müəyyən dərəcədə Rusiyanı guya şantaj etmək üçün istifadə edə də bilərlər. Amma bundan o yana proseslərin irəliləməsi mümkünsüzdür”.

Politoloq hesab edir ki, Aİ-yə üzv olmaq üçün müəyyən kriteriyalara cavab vermək lazımdır:

“Ermənistanın hazırkı vəziyyəti, faktiki olaraq Avropa İttifaqının irəli sürdüyü tələblərin heç birinə cavab vermir. Yəni ermənilər özlərini demokratik, tolerant bir cəmiyyət adlandırırlar, amma demokratiya və tolerantlıq onlarda yoxdur. Eləcə də özlərini Qərb təmayüllü bir dövlət adlandırırlar, lakin, məsələ burasındadır ki, Ermənistanda Qərb təmayüllü bir dövlət də yoxdur. Bundan əlavə, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Qısacası, hələlik Avropaya inteqrasiya baxımından ermənilər heç 1-2 addım da atmayıb”.

Ermənistanda referendumun keçirilməsindən söz açan ekspert düşünür ki, bu, labüddür:

“Çünki Ermənistanda konstitusiya dəyişiklikləri həyata keçirilməlidir. Fikrimcə, Avropa İttifaqına üzvlük adı ilə keçirilən referendumda bir və yaxud iki bənd olaraq konstitusiyaya ediləcək dəyişikliklər də əlavə oluna bilər. Beləliklə də referendumda bir yox, bir neçə suala cavab vermək lazım olacaq. O sualların arasında da konstitusiyadakı dəyişiklik, Azərbaycan, o cümlədən Türkiyəyə olan ərazi iddialarının konstitusiyadan və digər sənədlərdən qaldırılması məsələsi müzakirə oluna bilər. Mən müzakirələri buna bağlayıram, çünki başqa cür bunların Avropa İttifaqının üzvlüyü məsələsi heç uzlaşmır”.

Rafi Müslümov

COP29