“Razılaşdırılmayan əsas məsələ Azərbaycana qarşı Ermənistanın konstitusiyasında ərazi iddiaları ilə bağlıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla sülh sazişindən Ermənistanın niyə qaçdığını və prosesləri hansı səbəbdən uzatdığını şərh edən politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün bir çox məsələlərin razılaşdırıldığını bildirib.
“Razılaşdırılmayan əsas məsələ Azərbaycana qarşı Ermənistanın konstitusiyasında ərazi iddiaları ilə bağlıdır. Buna isə dövlətimiz heç bir zaman razı ola bilməz. Paşinyan hakimiyyəti ərazi iddiasından geri çəkilməyə çalışsa da daxili vəziyyət buna imkan vermir.
Eyni zamanda, xarici qüvvələrin də sözügedən məsələdə rolu böyükdür. Rusiya, İran və Qərbin özünəməxsus maraqları var. Bu maraqlar üzərindən proseslərin ləngidilməsi istiqamətində diqtə edilir. Lakin nə olur-olsun, Ermənistan sülhə məcbur olunacaq və müqavilə imzalanacaq”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli