Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: “Manipulyativ xarakterlidir”

“Bu iki məsələ razılaşdırılsa belə, aydınlaşdırılmalı olan digər məqamlar var. Yanlız bundan sonra sülh müqaviləsinin imzalanması ilə bağlı real vəziyyət yarana bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında 2025 ili üçün sülh perspektivlərindən danışan siyasi şərhçi Rafail Becanov deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin yaxın gələcəkdə imzalanması indi ən çox müzakirə olunan məsələdir.

“Artıq sülh sazişi ilə bağlı 15 bəndin razılaşdırılması haqqında da məlumatlar yayılıb və təsdiqlənib. Təbii ki, bu, sülh sazişinin tezliklə imzalanması ilə bağlı gözləntilər baxımından uğurlu hesab edilməlidir. Lakin Ermənistan digər iki məsələdə hələ də tərəddüd edir. Bu məsələləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində ictimaiyyət üçün açıqladı. Bunlar bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirilməməsidir”.

Analitikin fikrincə, Ermənistanın bu iki məsələ ilə bağlı konkret addımı və ya açıqlaması yoxdur:

“Paşinyanın bu istiqamətdə söylədikləri isə manipulyativ xarakterlidir. Qarşılıqlı iddialardan imtina etməklə bağlı deyir ki, sülh müqaviləsi imzalanandan sonra bu iddialar ortadan qalxa bilər. Sərhədlərimizdə başqa ölkələrin missiyalarının olmaması ilə bağlı isə delimitasiya edilmiş ərazilərdən danışır, digər ərazilərlə bağlı məsələ açıq qalır. Bu faktlar özlüyündə Ermənistan rəhbərliyinin prosesə mane olmasıdır. Düşünürəm ki, bu iki məsələ razılaşdırılsa belə, aydınlaşdırılmalı olan digər məqamlar var. Yanlız bundan sonra sülh müqaviləsinin imzalanması ilə bağlı real vəziyyət yarana bilər. Məsələn, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlanması üçün vacib məqamlardan biri olan konstitusiyanın dəyişdirilməsindən imtina edir”.

R. Becanov əlavə edib ki, konstitusiyanın dəyişilməsi təklifi Ermənistana təzyiq deyil:

“Bu regionun gələcək təhlükəsizliyinin təminatı üçün irəli sürülən çox ciddi məsələdir. Çünki Ermənistan konstitusiyasının preambulası birbaşa təhdid və gələcəkdə regional müharibə üçün əsas yaradır. Bu məsələ öz həllini tapmalıdır. Eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı iki ölkə arasında fikir ayrılığı mövcuddur. Minsk qrupu Qarabağ probleminin həlli üçün yaradılmışdı. İndi o problem yoxdur. Belə də ki, Minsk qrupu niyə mövcud olmalıdır ki? Ermənistanın Minsk qrupu ilə bağlı Azərbaycanın təklifini dəstəkləməsi onun revanş istəklərindən xəbər verir. Bununla da bağlı bir aydınlıq olmalıdır”.

“Bu kimi müzakirə predmetlərinin olduğunu nəzərə alsaq, sülh müqaviləsinin tezliklə bağlanacağı o qədər də inandırıcı deyil. Təbii ki, bizim arzumuz müqavilənin tezliklə bağlanmasıdır. 2025-ci ilin sülh müqaviləsi ili kimi tarixə yazılmasını istərdik. Amma Ermənistan tərəfi hələ də tam şəkildə sülh müqaviləsinə hazır deyil və daxili problemlər, o cümlədən Paşinyana xaricdən verilən təlimatlar ona yekdil qərara gəlməyə, real nəticəyə söykənən addımlar atmağa imkan vermir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli