Ermənistan üçün SON ŞANS: “Əgər işğalçılıq ideologiyasından əl çəkərsə…”

“Ermənistan işğalçılıq ideologiyasından əl çəkərsə, regiona daha tez sülh gələr”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Analitik qeyd edib ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli, revanşist addımlardan çəkinməlidir:

“Sülh müqaviləsinin 17 bəndinin hər biri üzrə artıq razılığın əldə olunması ilə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun müvafiq bəyanatı var. Bu, onu göstərir ki, sülh müqaviləsinin imzalanması üçün ilkin ən önəmli addımlardan biri atılıb. Növbəti ən əsas addım Ermənistan tərəfindən müvafiq şərtlərin – Azərbaycanın tələblərinin yerinə yetirilməsi istiqamətində ola bilər”.

Onun sözlərinə görə, cənab Prezidentin XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı çərçivəsində də bununla bağlı önəmli mesajlar verdi:

“Ölkə başçısı mesajlarda aydın şəkildə ifadə etdi ki, Ermənistanı himayə edən, onlardan “sülh göyərçini” yaratmaq istəyən tərəflər heç bir halda sülhə töhfə vermir və onların bu addımları sülhə zərbə vuran, sülh danışıqlarını uzadan ən əsas istiqamətlərdən biridir. Ermənistanın hərbiləşdirilməsi, onun işğalçılıq ideologiyasını, revanşist əhval-ruhiyyəsini səsləndirməsi üçün platformanın yaradılması və ümumiyyətlə, bu ideologiyanın daşıyıcısı olan siyasi hakimiyyətin və cəmiyyətin müəyyən radikal qruplaşmalar tərəfindən himayə edilməsi, təbii ki, heç bir halda regionda sülhü hədəfləyən addımlar ola bilməz. Ona görə də indiki məqamda Ermənistanın üzərinə düşən ən böyük vəzifə götürülən öhdəliklərin məsuliyyətlə icra olunması ilə bağlıdır”.

Sonda A. Qurbanova Zəngəzur dəhlizi məsələsinə də toxunub:

“Zəngəzur dəhlizinin açılması, öz ərazisində hərbsizləşdirilmiş zonanın yaradılması, həmçinin Ermənistan tərəfindən konstitusiyaya dəyişikliklər edilməsi bizi sülhə yaxınlaşdıra biləcək növbəti ən önəmli addım ola bilər. Bunlar yerinə yetirildiyi halda biz sülh müqaviləsinin reallığından danışa bilərik. Artıq 17 bənd üzdə müvafiq razılığın əldə olunması, düşünürəm ki, bu şəraitin də yaxın gələcəkdə reallaşması ehtimalını kifayət qədər nikbin dəyərləndirməyə icazə verir. Ermənistan tərəfi, əgər konstruktiv mövqe nümayiş etdirsə və işğalçılıq ideologiyasından, xəyali Ermənistandan uzaqlaşaraq real dünyanın gerçəklikləri ilə hadisələrə yanaşsa, problemlərin həlli tamamilə yaxın perspektivdə mümkün ola bilər”.

Yenicag.az