“Təbii olaraq Rusiya Qərbin oyunlarına cavab olaraq, hər vəchlə Ermənistanı cəzalandırmağa çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında Cənubi Qafqaz regionunda baş verən gərgin proseslər fonunda yaxın perspektiv üçün mümkün hadisələri dəyərləndirən siyasi şərhçi Əhməd Şahidov deyib.
“Əsas gündəliyə baxsaq, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya məsələsi çərçivəsində qaytarılmalı olan kəndlərlə bağlı müzakirələrin aparıldığını görərik”, – deyə o əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, Avropa İtifaqının (Aİ) mülki missiyasının Ermənistanın Azərbaycanla sərhəd rayonlarına səfərindən hər kəs xəbərdardır. “Lakin burada maraqlı məqam var. Həmin missiya üzvləri yollarını Ermənistanın işğaldan azad edəcək Azərbaycan kəndlərindən kənar saldı. Bu isə istər Ermənistanın, istərsə də Qərbin Azərbaycan sərhədlərini sözügedən kəndlər də daxil tanıdığının göstəricisidir. Yaranmış vəziyyət isə təbii olaraq erməni cəmiyyətində narazılığıa səbəb olub. Lakin nə olur-olsun, kəndlər geri qaytarılmalıdır. Hələ ki, razılaşdırılan 4 kənd qeyri-şərtsiz Azərbaycana geri verilməlidir, əks təqdirdə isə alternativ yol yalnız hərbi əməliyyatlardır”, – deyə o bildirib.
Ə.Şahidovun sözlərinə görə, hazırda həm regionda, həm də beynəlxalq siyasi arenada vəziyyət son dərəcə dəyişkəndir:
“Avropaya baxsaq, Rusiya-Ukrayna, Yaxın Şərqdə İsrail-Fələstin, İran-İsrail, Cənubi Qafqazda isə Qərb-Rusiya arasında gərginlik yaşandığını görərik. Ermənistan bu faktorlardan istifadə etmək istəyir. Baş verən dəyişkən proseslər fonunda son ana qədər Azərbaycanı məqsədindən yayındıracaq nəyinsə olacağına ümid bəsləyir. Lakin yanılır, Azərbaycan heç bir zaman məqsədindən yayına bilməz”.
Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın silahlandırıldığı hər kəsə məlumdur. “Düzdür, bu silahlar birbaşa olaraq Azərbaycana tuşlanmayıb. Qərbin hədəfində Rusiyadır. Yəni Ermənistanın əlinə silah verərək, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa, İrəvanı Qərbin orbitinə salmağa çalışırlar. Amma o silahların nə vaxtsa bizə tuşlanması ehtimalı da yüksəkdir”, – Şahidov bildirib.
O qeyd edib ki, təbii olaraq Rusiya Qərbin oyunlarına cavab olaraq hər vəchlə Ermənistanı cəzalandırmağa çalışır:
“Burada isə iki seçim var, ya İrəvana birbaşa hərbi müdaxilə, ya da digər variant – yəni Ermənistanla Azərbaycan arasında münaqişə ocağını alovlandırmaq. Azərbaycan isə qəti olaraq hansısa ölkənin maraqlarına uyğun addım atacaq dövlət deyil.
Əlavə olaraq Bakı, siyasi prosesləri analiz edərək vəziyyətdən yararlanmağa çalışır. Belə ki, Rusiyanın Ermənistanda hakimiyyəti dəyişməsi və rusyönümlü şəxsləri başa gətirməsi heç də xeyrimizə deyil. Çünki Rusiyanın Azərbaycana qarşı hazırki mövqeyi dəyişə, yenidən Ermənistanı dəstəkləyə bilər. Bu səbəbdən mümkün qədər qısa müddətdə Azərbaycanın işğal altındakı kəndləri geri qaytarılmalı, Ermənistanla sülh müqaviləsi imzalanmalıdır”.
Nəsimi Ələsgərli