Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşündən hansı nəticə gözlənilir?

“Ermənistan Azərbaycan arasındakı vasitəçilərin məqsədi sözdə sülhə xidmət etmək, əməldə isə danışıqların süni şəkildə uzadılmasıdır”.

Bu fikri Yenicag.az-a açıqlamasında ABŞ-də səfərdə olan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü və burdan çıxacaq nəticələri dəyərləndirən politoloq Tural Əliyev deyib.

Tural Əliyev bildirib ki, Vaşinqtonda keçirilən görüşdən nəticə gözləmək olmaz.

“Ötən ilin iyun ayında da Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutmuşdu. Qarabağda 2-23-cü ilin sentyabr ayının 18-19-u Azərbaycanın anti-terror əməliyyatına qədər Ermənistanla Azərbaycan arasındakı görüşlər və müzakirələr daha intensiv xarakter daşıyırdı”, – deyə o qeyd edib.

Politoloq xatırladıb ki, əməliyyatdan sonra ermənilər könüllü şəkildə Qarabağdan getməsi, Rusiya sülhməramlıları da Azərbaycanı tərk etməsi bir neçə istiqamətdə danışıqları dayandırmışdı.

“Bu gün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən nəticə gözlənilmir. İstənilən platformada görüşlər müsbət sayılsa da, real nəticələr Ermənistan Azərbaycan arasındakı danışıqdan aslıdır. Necə ki, 4 kəndlə bağlı tərəflər görüşlər keçirdi və ortaya nəticə çıxdı. Beynəlxalq platformalarda o dövlətlər ki vasitəçilik təklif edirlər, onların öz maraqları var. O dövlətlər çalışırlar ki, Ermənistanla Azərbaycan arasındakı normallaşmanı, ümumiyyətlə, Cənubi Qafqazda gedən prosesləri öz nəzarətlərində saxlasınlar. Məqsəd sözdə sülhə xidmət etmək, əməldə isə danışıqların süni şəkildə uzadılmasıdır”, – deyə o əlavə edib.

T.Əliyev vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib:

“Bu, istər delimitasiya, istərsə də Zəngəzur dəhliz ilə bağlıdır. ABŞ dəhlizin işlək hala gətirilməsi üçün Ermənistana hansısa bir təzyiq etmək, yaxud nəzarət fünksiyasını öz əlinə almaq istəyini açıq şəkildə demir. ABŞ və digər beynəlxalq aktorların təşəbbüsləri yaxşıdır, ancaq nəticə nə olacaq? Bu, bütün dövlətləri qane edəcək? Vaşinqtondakı görüş Rusiya tərəfdən necə qarşılanacaq? Bu tip suallar çoxdur. Ona görə də, bu görüşə digər görüşlərin davamı kimi baxa bilərik”.

Səxavət Məmməd

COP29