“Onların özləri də Azərbaycana vurduqları ziyanın miqyasının nə qədər böyük olduğunun fərqindədirlər”.
Bu fikirləri Ermənistanın işğal dönəmində Azərbaycana vurduğu maddi zərəri qarşılamasının zəruriliyini bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistan bu təzminatı ödəyib-ödəməmək imkanlarından asılı olmayaraq, prosesi pozmaq üçün əlindən gələni etməyə çalışacaq:
“44 günlük Vətən müharibəsi və uğurlu antiterror tədbirləri sayəsində təqribən 30 ildən sonra işğaldan azad etdiyimiz ərazilərimizə getdikdə, ermənilərin törətdiyi miqyaslı vəhşiliklərin şahidi oluruq.
Ötəri müşahidələr də təsdiqləyir ki, Ermənistanın işğal dönəmində Azərbaycana vurduğu maddi zərərin həcmi təsəvvür etdiyimizdən daha böyükdür. Əlimizdəki faktlar əsasında erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması bu gün də davam edir.
Ermənilərin cinayəti yalnız soydaşlarımıza qarşı soyqırım törətməklə məhdudlaşmır. Onlar təbiətimizə, ekologiyamıza, tarixi abidələrimizə, məscidlərimizə, şəhərlərimizə, bir sözlə, Azərbaycana aid canlı və cansız nə varsa, hər şey məhv ediblər.
Ölkəmizə dəyən maddi zərərin miqyası o qədər böyükdür ki, araşdırma və hesablamalar aparmaq üçün xeyli vaxt tələb olunur. Ancaq o faktların toplanması zəruridir.
Xatırlatmaq lazımdır ki, ermənilər ölkəmizə qarşı yalnız Qarabağda cinayətlər törətməyiblər. Vətən müharibəsi dövründə ermənilərin qadağan olunmuş silahlardan mülki əhalimizi hədəfə aldığını, şəhərlərimizi necə bombaladığını bütün dünya gördü.
Ancaq onlar öz xislətlərinə uyğun olaraq hələ də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməkdədirlər. Çünki özləri də ölkəmizə vurduqları ziyanın miqyasının nə qədər böyük olduğunun fərqindədirlər. Bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycana vurulan zərərin hesablanması üçün yerli və xarici ekspertlər bu prosesə cəlb olunub.
Azərbaycan həm hərbi, həm informasiya, həm də siyasi müstəvidə Ermənistanı məğlub etdi. Sıra artıq hüquq müstəvisindədir. Şübhə yoxdur ki, Ermənistan bu təzminatı ödəyib-ödəməmək imkanlarından asılı olmayaraq, prosesi pozmaq üçün əlindən gələni etməyə çalışacaq. Lakin Ermənistan iflasa uğramış iqtisadiyyatı ilə olsa belə, Azərbaycana vurduğu zərəri ödəməyə məcburdur”.
Nəsimi Ələsgərli