“Sergey Lavrovun məlum açıqlaması da Azərbaycanın sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir”.
Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Azərbaycan Ermənistanla sülh sazişinin Moskvada imzalanmasına razıdır” bəyanatını şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib:
“Bu çərçivədə rəsmi Bakının şərtləri İrəvana təqdim olunub, müəyyən müzakirələr aparılıb və müxtəlif işçi qruplar da yaradılıb. Lakin hələ də Ermənistan bu təkliflərə adekvat cavab vermir. Ona görə də sülh sazişinin imzalanması gecikir.
Paşinyan kamera qarşısında sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını bəyan etsə də, bu, bəyanatdan irəli getmir. Əslində, sülh sazişinin imzalanması kommunikasiyaların açılması, nəqliyyat-logistika layihələrində iştirak baxımından, Ermənistana daha çox lazımdır.
Azərbaycan işğal altndakı torpaqlarını azad edərək, öz ərazi bütövlüyünü tam bərpa edib. Bizim üçün hər hansı saziş həyati əhəmiyyət kəsb etmir. Eyni zamanda, müqavilənin harada imzalanması da xüsusi önəm daşımır. Bizim üçün maraqlı və əhəmiyyətli olan məsələ Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının şərtlərini tam icra etməsidir.
İndiyə kimi bütün kommunikasiyalar, xüsusilə, Zəngəzur dəhlizi açılmalı idi ki, Naxçıvanla quru əlaqələrimiz bərpa olunsun. Lakin Ermənistan bunu icra etməkdən yayınır. Həmin müddəa icra olunmadığından, Azərbaycan alternativ varianta üstünlük verir. Ermənistan isə bununla özünü növbəti dəfə təcrid vəziyyətinə salır.
Sergey Lavrovun məlum açıqlaması da Azərbaycanın sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir. 10 noyabr bəyanatının tərəflərindən biri olaraq, Rusiya da anlayır ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin tərəfdarıdır. Azərbaycan üçün sülh müqaviləsinin harada imzalanması yox, konkret olaraq imzalanması maraqlıdır. Bizim üçün fərq etməz, istər bu məkan Rusiya olsun, yaxud başqa bir yer.
Ermənistan istəyərsə, bu saziş sərhəddə də, başqa bir ölkədə də imzalana bilər. Çünki bu, iki müstəqil ölkə arasında imzalanacaq bir sazişdir. Ermənistan bu günə qədər özündə güc tapıb qərar verə bilmir. Ona görə ki, hələ də “forpsot” olmaqda davam edir. İndi Ermənistanda sanki bir “əldəyişmə” gedir, yəni sahiblər dəyişir və ya artıq dəyişib. Əvvəllər Rusiyadan təlimat alırdılarsa, bu gün oxşar təlimatları Fransadan və ya başqa bir Qərb ölkəsindən alırlar. Müstəqil dövlətin siyasəti belə olmur”.
Nəsimi Ələsgərli