Ermənistanda İSTEFA DALĞASI BAŞLADI: Paşinyan kimləri “təmizləyir”?

 

“Ermənistanda bir gün içində baş verən istefalar müəyyən suallar doğurur. Nəzərə alsaq ki, bunların arasında Ali Məhkəmənin sədri, daxili işlər naziri, İstintaq Komitəsinin sədri, yerli infrastruktur naziri və s. də var, deməli, bu, ciddi bir hadisədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan hökumət dairələrində baş verən istefa dalğasına münasibət bildirib.

Qeyd edək ki, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Antikorrupsiya Komitəsinin rəhbəri Sasun Xaçatryanın ardınca Ermənistan İstintaq Komitəsinin (İK) sədri Argişti Karamyan da istefa verib.

KİV-in məlumatına görə isə Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan, daxili işlər naziri Vaqe Kazaryan, İstintaq Komitəsinin sədri Argişti Karamyan istefa ərizəsi yazıblar. Bu gün səhər Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan da istefa ərizəsi verdiyini açıqlayıb.

Prosesləri şərh edən analitik isə hesab edir ki, İrəvanda baş verən hadisələr Ermənistan hakimiyyəti daxilində çox ciddi hansısa bir gərginliklərdən, yaxud parçalanma və s. amillərdən xəbər vermir:

“Çünki zaman-zaman Baş nazir Nikol Paşinyan öz komandasında bu cür dəyişikliklərə gedir və hansısa vəzifədə olan şəxsin uzun müddət vəzifədə qalmaq imkanı, demək olar ki, Paşinyandan asılı olur. Adları çəkilən şəxslər də, təbii ki, Paşinyanın ən yaxın tərəfdaşları olublar və bu yaxınlıq həm də sabiq nazir Qnel Sanosyana aiddir. Çünki Ermənistanda son bir neçə ildə həyata keçirilən infrastruktur layihələri və s onun adı ilə bağlıdır. Doğrudur, onun özü ilə bağlı olan və sual doğuracaq məqamlardan biri may ayında Ermənistanda baş verən daşqınlar zamanı yaranmış vəziyyət idi ki, o zaman bu şəxs tənqidlərə məruz qaldı. Lakin ola bilər ki, Ali Məhkəmənin Şurasının sədri Karean Andreasyan və Nikol Paşinyan siyasi hakimiyyəti arasında hansısa müəyyən fikir ayrılıqları var ki, yekunda Ali Məhkəmənin sədri istefaya göndərilir. Halbuki o şəxsi də Paşinyan ora təyin etmişdi”.

O. Qasımovun fikrincə, bu saat Ermənistanda əsas iradə sahibi siyasi baxımdan Nikol Paşinyandır və onun partiyasının özündə də hələlik ona alternativ ortaya qoya biləcək hansısa lider yoxdur:

“Doğrudur, Qərb dairələrində Paşinyanın əvəzləyicisi kimi müxtəlif şəxslərin adları keçir. Bu kateqoriyaya həm Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, həm parlament sədri Alen Simonyan, o cümlədən xarici naziri Ararat Mirzoyan daxildir. Amma mənə elə gəlir ki, Nikol Paşinyan hələlik öz partiyasına və hökumətə kifayət qədər nəzarət edə bilir. Baş verənlər isə ciddi bir siyasi hadisə olsa da, hələlik Ermənistan hakimiyyəti daxilində və Ermənistan elitasında parçalanma kimi dəyərləndirilməməlidir”.

Rafi Müslümov

COP29