Ermənistan parlamentində itkin düşənlərin yaxınlarının iştirakı ilə keçirilən gərgin müzakirədən sonra hakimiyyət orqanları dövlət institutlarının fəaliyyətsizliyi ilə bağlı irəli sürülən narazılıqların ciddi nəticələrə səbəb ola biləcəyini anlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, bu səbəbdən bir neçə gün əvvəl Ermənistan Milli Məclisinin Müdafiə Komitəsində daxili işlər və ədliyyə nazirləri də daxil olmaqla yüksək vəzifəli şəxslərin iştirakı ilə qapalı işçi görüş keçirilib. Görüşdə itkin düşənlərin statusunun hüquqi çərçivədə müəyyən edilməsi müzakirə olunub.
KİV əlavə edib ki, hazırda itkin düşənlərin ailələri məhkəmə yolu ilə yaxınlarının ölüm faktını təsdiqlətməyə məcbur olurlar ki, bu da onların dövlət dəstəyindən yararlanmasına imkan versin:
“Lakin “İtkin düşənlər haqqında” qanun layihəsi uzun illərdir qəbul edilmir, çünki müxtəlif dövlət qurumları məsələyə fərqli yanaşır. Müdafiə Nazirliyi hesab edir ki, bu məsələ artıq tam tənzimlənib və ayrıca qanuna ehtiyac yoxdur. Bununla belə, parlament komitəsində keçirilən müzakirələrdən sonra ayrıca bir qanunun qəbul edilməsinin vacibliyi barədə ortaq qənaətə gəlinib”.
Nəşrin yekunda onu da vurğulayıb ki, itkin düşənlərin və onların ailə üzvlərinin hüquqları ilə bağlı problemlər Ermənistanda hələ Birinci Qarabağ müharibəsindən bəri mövcuddur. Rəsmi statistikaya görə, 1988–2005-ci illər arasında 437 nəfər itkin düşüb ki, onların 224-ü hərbçi, 213-ü isə mülki şəxs olub. 2020-ci ildən sonra isə 187 hərbçi və 21 mülki şəxsin itkin düşdüyü bildirilir. Yeni qanunun bütün dövrləri əhatə etməsi planlaşdırılır.
Rafi Müslümov