Ermənistanda kilsə-hakimiyyət SAVAŞI: “Qüvvələr nisbəti Paşinyanın xeyrinədir”

“Kilsə ilə savaşda qüvvələr nisbəti Paşinyanın xeyrinədir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanda kilsə və hakimiyyət qarşıdurmasının nə ilə nəticələnəcəyini şərh edən Azərbaycan Milli Dirçəliş Hərəkatının (MDHP) sədri Fərəc Quliyev səsləndirib.

Fərəc Quliyev bildirib ki, kilsə bu savaşda məğlub olacaq.

“Paşinyan kifayət qədər güclüdür və qanunlar çərçivəsində davranır. Ermənistanda dövlətləri olmayanda diaspordan istifadə edirdilər. Diaspor dövləti rolunu öz üzərinə götürürdü. Diaspor zəif olanda isə bu funksiyanı kilsə öz üzərinə götürürdü. Sanki dövlətçiliyi qoruyub saxlayan kilsə idi”, – deyə o qeyd edib.

Partiya sədri bildirib ki, kilsə özünü dərin dövlət rolunda görür.

“Bu iki amili Paşinyan rədd etdi. Diasporun ortaya qoyduğu “Böyük Ermənistan” xülyasına qarşı çıxdı. Son yüz ildə ilk dəfə idi bunu edə bildilər. Beləliklə, diasporu kənara qoya bildilər və təsir imkanlarını azaltdılar. Bu ideyanı kilsə öz üzərinə götürməyə çalışır. O ideyanın daşıyıcıları kilsənin ətrafında toplanırlar. Üstəlik, daxildə olan radikal qüvvələr də din pərdəsi altında kilsənin ətrafında birləşməyə çalışırlar”, – deyə o əlavə edib.

F.Quliyevin sözlərinə görə, Ermənistanda baş verənlər hakimiyyət savaşıdır:

“Ermənistanda olan “5-ci kolon”un adamları da bundan istifadə etmək istəyir. Onlar Ermənistandakı dindar kəsimin duyğularını istismar edirlər. Bunu sadə ermənilər anlayır və prosesin müharibə ilə nəticələnəcəyini bilirlər. Artıq dünəndən yeni şüarlar ortaya çıxıb. Dünənə qədər müharibə deyən qruplar indi elan edirlər ki, müharibə etməyəcəklər. Ermənistan əhalisi başa düşürdü ki, Paşinyana alternativ gələcək qüvvə Azərbaycanla müharibə edəcək. Onlar əhaliyə göstərmək üçün artıq müharibəni inkar edirlər və xaçı ortaya qoyublar. Düşünürəm ki, Paşinyan yaxşı iş görüb. Din adamların böyük hissəsi də meydana çıxmadı. Qüvvələr nisbəti Paşinyanın xeyrinədir”.

Səxavət Məmməd

COP29