Ermənistanda konstitusion dəyişikliklər BAŞLAYIR? – Paşinyanın “Dördüncü Respublika” strategiyası NƏDİR?
Ermənistanın Baş naziri Nikol Paşinyan öz “ideoloji mesajlarını” hakim “Vətəndaş Müqaviləsi” (VM) Partiyasının qapalı iclaslarında da səsləndirib. O, bildirib ki, “yeni dövrlər yeni ideologiya tələb edir” və yalnız Konstitusiyanı deyil, həmçinin himni, bayrağı və digər dövlət rəmzlərini də yenidən nəzərdən keçirməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“İclasda Paşinyana sual verilib ki, hakimiyyət konstitusiyanı Azərbaycanın tələbi iləmi dəyişir? O isə cavabında bildirib ki, bütün anlaşılmaz məqamlar sülh sazişinin imzalanması ilə aradan qalxacaq. Bununla yanaşı, Baş nazir hazırda “gerçək Ermənistan modeli” üzərində işlədiyini və hətta bununla “Dördüncü Respublikanın” əsaslarını formalaşdırdığını vurğulayıb”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Paşinyan bu fikri daha əvvəl də səsləndirib. O, Ermənistan İctimai Radiosuna verdiyi müsahibədə “yeni Konstitusiya Dördüncü Respublika üçünmü hazırlanır” sualına cavab olaraq “bu, ideyalardan biridir” ifadəsini işlədib.
Bununla yanaşı, KİV əlavə edib ki, ölkədə konstitusion dəyişiklər fonunda Baş nazir Nikol Paşinyan mərhələli şəkildə qubernatorları səlahiyyətlərdən məhrum etməkdə davam edir.
Bildirilir ki, onların xidməti avtomobilləri azaldılıb, tabeliklərində olan məktəblər və indi də xəstəxanalar əlindən alınıb. Bu qurumlar artıq Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə (ETMİN) və Səhiyyə Nazirliyinə tabe etdirilib.
Qəzetin analitiklərinin fikrincə, ümumilikdə belə bir təsəvvür yaranır ki, Paşinyan yaxın gələcəkdə quberniyaları tamamilə ləğv edərək, bunu “köhnə feodal institutlarının Ermənistandan kökünü kəsmək” kimi təqdim edəcək. Lakin ekspertlərin fikrincə, əslində, burada əsas məqsəd hakimiyyətin və resursların tam mərkəzləşdirilməsidir. Bu prosesin xüsusilə növbəti parlament seçkilərinə hazırlıq çərçivəsində həyata keçirildiyi ehtimal edilir. Məktəblər, xəstəxanalar və sosial xidmətlər böyük inzibati resurs sayılır, və görünən odur ki, Paşinyan öz təyin etdiyi qubernatorlara güvənmir, buna görə də bu resursları birbaşa öz nəzarətinə almaq qərarına gəlib.
Digər tərəfdən, məlumatda deyilib ki, hazırkı qubernatorların bölgələrində əvvəlki qubernatorlar qədər nüfuz sahibi olmadığı da göz önündədir. Əksinə, genişləndirilmiş icmaların rəhbərləri daha çox rıçaqlara malikdir və daxili vilayət idarəçiliyində qubernatorlardan daha təsirli rol oynayır. Təbii ki, bu da seçici səslərinin əsasən onların vasitəsilə hakim “Vətəndaş Müqaviləsi” Partiyasına yönləndiriləcəyini göstərir.
Rafi Müslümov