Ermənistanda nələr dəyişdi? – Paşinyanın Qarabağ klanında fərqi – Nadir Şəfiyev yazır 

Ermənistanda seçkilər bitdi. Əslində hər şey gözlənildiyi kimi oldu. Qarabağ klanının hakimiyyətindən bezmiş xalq onların uzaqlaşdırılmasına səs verdi. De-fakto hakimiyyətdən uzaqlaşdırılmış Serj Sarqsyan de-yure hakimiyyətin “kəndarından” kənara atıldı. Onun kənarlaşdırılmasının rəsmiləşdirildiyi günün özündə də ibratamiz hadisə baş verdi. Sanki Ermənistan əhalisi ilə yanaşı seçki texnikası da Serj Sarqsyandan imtina edir və onun barmaq izlərini qəbul etmirdi.

Bəs Sarqsyan və onun sələfi Köçaryanın timsalında bütövlükdə Qarabağ klanının hakimiyyətindən imtina edən ermənilər kimə ümüd bəsləyir?Səsvermənin nəticəsi əhali arasında siyasi əhval-ruhiyyənin nikbin olmadığını açıq biruzə verdi. Siyasi dəyişiklər zamanı adətən əhalinin fəallığı yüksək olsa da, Ermənistanda bunun əksi müşahidə olundu. Seçki hüququna malık olan əhalinin yalnız 46.6%  faizi seçkilərdə iştirak edib ki, onların da təqribən 70% Paşınyanın rəhbərlik etdiyi bloka səs veriblər. Deməli reallıqda, Paşınyanı əhalinin təqribən 30-34% hazırki iqtidara səs verib. Bu isə onu göstərir ki, cəmi bir neçə ay ərzində hakimiyyətdə olan Paşınyan artıq öz səviyyəsi və niyyətini biruzə verib. Onun ölkənin daxilində heç bir problemi həll edə bilməməsi, beynəlxalq aləmdə ənənəvi müttəfiqlərlə belə münasibətləri korlaması hər bir erməninin həyatına da mənfi təsirini göstərir.

Seçkiqabağı prosesdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin bəyanatlar verən Nikol, bu sahədə də səriştəsizlik və qərəz nümayiş etdirir. Oğlunun bəh-bəhlə Azərbaycan ərazisinə qulluğa göndərilməsi hamının yadındadır. Amma işğalçı ordunun tərkibində cəmi bir-neçə ay qulluq etdikdən sonra balaca Paşinyan atasına şikayət etdi. Yeyib-içməyə öyrənmiş “papanın gül balası” əsgər yeməyindən gileylənir, papadan əlavə yemək istəyib. O da həmin hərbi hissəyə yoxlama göndərib ki, balasını doydursunlar. Təbii ki, əhali bunu müşahidə edərək lazımı nəticə çıxarıb: baş nazirin ordunun perspektivləri haqqında dedikləri elə naməlum perspektivdir. Amma onun oğlunun qulluq etdiyi hərbi hissədəki vəziyyət isə, onun üçün daha yaxındır. Məhz burdakı vəziyyət yaxşı olmalıdır ki, onun oğlu əziyyət çəkməsin. Bu faktın özü də, Paşınyanın xalqla birgə yürüşdə iştirak etsə də, xalqdan biri olmadığını hər bir kəsə açıq göstərdi. Odur ki, Sarqsyan-Köçaryan hakimiyyətinə etiraz əlaməti olaraq Paşınyana dəstək verən əhali, artıq onu bu etimaddan məhrum edir. Seçkilərin nəticəsi də bu etimadsızlığı açıq biruzə verdi. Müstəqil müşahidəçilər seçkilərdə kütləvi saxtalaşdırılmaya yol verildiyini faktlarla açıqlayırlar.  

Beləliklə, hətta kütləvi saxtalaşdırmalarla belə, Paşınyan ölkədə mütləq dəstəyə malik olduğunu göstərə bilmədi. Yəni növbəti dəfə Ermənistana qeyri-legitim hökumət rəhbərlik edəcək. Maraqlı fakt ondan ibarətdir ki, bunları Azərbaycandan deyəndə, bəziləri bu fikri sadəcə subyektiv mülahizələr kimi qəbul edirlər. Belə olan halda xatırlatmaya ehtiyyac yaranır. Artıq uzun müddətdir ki, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan Respublikasının rəhbərliyi və diplomatları Ermənistanda qeyri-legitim hakimiyyətin mövcudluğunu bildirir. Parlamentin güllələnməsi, əhalinin güllə-boran edilməsi, istənilən etirazın silahlı güc vasitəsilə yatırdılması Ermənistanın gündəlik həyat tərzinə çevrilib. Bunlara rəğmən qərəzli beynəlxalq qurumlar yenə də öz ampluasındadır. Vaxtı ilə Koçaryan, daha sonra Sarqsyan rejimini legitim və demokratik adlandıran AŞPA, ATƏT-in PA-ı, indi də Sarqsyan rejimini xunta adlandıran Paşınyanı demokratiya təcəssümü, onun başçılıq etdiyi hərəkatı isə, demokratik islahatlar istəyən əhalinin hərəkatı adlandırırlar. Beləliklə də, həmin qurumların üzvləri bir qədər əvvəl dediklərini təkzib edərək, ikili siyasətlərini davam etdirirlər. 

Əlbəttə ki, bu cür münasibətin formalaşmasında sadəcə xristian təəsübkeşliyilə yanaşı, dünyadakı erməni lobbiçiliyinin də xüsusi rolu var. Beynəlxalq aləmdə özlərinin xeyirinə qərarların qəbul edilməsi üçün müxtəlif maddi maraqlandırma və “ənənəvi” konyak diplomatiyasından geniş istifadə olunur. 

Ermənistandakı seçkilərin nəticəsinə nəzər saldıqda belə qənaətə gəlmək olar ki, gözlənildiyi kimi ciddi dəyişiklik yoxdur. Nə səsləndirilən ifadələr, nə siyasətin həyata keçirilməsi prinsipləri, nə də beynəlxalq aləmdəki erməni mövqeyi dəyişib. Sadəcə, dünənki iqtidar müxalifət, dünənki müxalifət isə iqtidar olub. Rusiyaya meyllilər gedib, anti-rusiya mövqeyində olanlar hakimiyyətə gəlib. Ortada isə anti-demokratik rejim, işğalçı siyasət və faşızm ideoloğiyası var. 

Odur ki, bizə istənilən kəskin dəyişikliklərə hazır olmaq qalır!

Nadir Şəfiyev

COP29