“Ermənistanda neonasizm çox sürətlə inkişaf etdirilməkdədir. Aydın məsələdir ki, bu, Qərb siyasi dairələrinin diqqət mərkəzindədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, 2021-ci ildə “Hosank” radikal siyasi hərəkatının yaradılması çox məqama aydınlıq gətirir:
“Təbii ki, “Hosank” neonasist təşkilatının formalaşmasında və fəaliyyətində bir sıra postsovet ölkələrində də oxşar radikal siyasi qrupların fəaliyyəti geniş yayılıb. Bu da bütövlükdə bir sıra ölkələrin Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının maraqlarına görə istifadə olunmasından xəbər verir. Təbii ki, məhz buna görə radikal qrupların formalaşması daim diqqət mərkəzində olub. Bununla əlaqədar elə Ermənistandakı siyasi rejim məhz elə Qərbin təsiri altındadır. Bu baxımdan İrəvanın mərkəzində “Hosank” təşkilatının formalaşması öz tədbirlərini rahat bir şəkildə təşkil edir. Hətta 2024-cü ilin yanvar ayında “Hosank” təşkilatı müxtəlif simvollarla özünün mitinqini təşkil etdi. Bu da gələcəkdə baş verəcək proseslərdən xəbər verirdi”.
Analitik radikal dəstlərə şərait yaradanın Ermənistandakı siyasi rejimin olduğunu da qeyd edib:
“Ermənistandakı siyasi rejim bu hallara imkan verərək Qərbpərəst mövqeyini bir daha sübut etmiş olur. Təbii ki, bu, bütövlükdə Cənubi Qafqaz üçün çox ciddi təhlükələrdən xəbər verir. Çünki “Hosank” radikal siyasi təşkilatı 2021-ci ildə yaranmasına baxmayaraq. qısa bir müddətdə çox böyük resurslara sahib ola bildi. Artıq açıq şəkildə fəaliyyət göstərməklə yanaşı müxtəlif idealları da səsləndirərək Qərbmeylli davranışlarını sərgiləməkdə davam edirlər. Təbii ki, tək Ermənistanda yox, bu tendensiya dünyanın müxtəlif ölkələrində özünü göstərir. Ən böyük arzuları isə Aralıq dənizindən Xəzər dənizinə qədər böyük Ermənistan yaratmaqdır. Təbii ki, bu imkansız bir haldır. Beləliklə, Ermənistan siyasi rəhbərliyi bütün bunlara göz yumursa, demək, onlar da “Hosank” təşkilatı ilə oxşar mövqedə çıxış edir. Bu da öz növbəsində sülh danışıqlarına böyük bir ziddir”.
Mayıl Soltanov