Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”

28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.

Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.

Bizim.Media-nın əməkdaşı hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan Pənahovun atası ilə əlaqə yaradıb.

Eldəniz Pənahov bildirib ki, məsələ ilə bağlı dövlət qurumları mütəmadi iş aparır:
“Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir.

Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.