“Vardanyan da gəldi Qarabağa, rus pasportundan imtina etdi. Partiya yaradacaq, seçkilərə qatılacaq, Qarabağı geri qaytarmaq üçün bağıracaq, kasıb, avam erməni xalqı da buna inanacaq”.
Bunu erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağa gəlişinin arxasında dayanan planı dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadə bildirib ki, İvanaşvili Gürcüstana nə üçün gəlmişdisə, Vardanyan da Ermənistana onun üçün göndərilib:
“Vardanyan dələduzun, fırıldaqçının biridir. O bu keyfiyyəti sayəsində milyarder olub. Rusiyada milyarder olmaq üçün gərək hakimiyyətə çox yaxın olasan, etimadını qazanasan və hər hərəkətinlə o etimadı doğruldasan.
Vardanyanın gəlişi ilə bağlı bütün ehtimallara baxmışam, düşünmüşəm. Zənnimcə, onun gəlişinin səbəbi çox sadədir. Rusiya belə bir siyasi gedişi Gürcüstanda işlədib. Gürcü əsilli milyarderi yeritdi Gürcüstan cəmiyyətinə, xeyriyyəçi, səxavətli adam surəti yaratdı. Avam və cahil gürcü xalqı buna inandı. Saakaşvilini devirib İvanaşviliyə səs verdilər. Elə bilirlər ki, milyardlarını ələbaxan camaata paylayacaq. Məqsədinə çatandan sonra indi gürcü xalqını istədiyi kimi idarə edir.
Görünür, həmin fəndi Ermənistanda da həyata keçirmək istəyirlər. Ona deyiblər ki, siyasətə girsin. Bizim müxalifət də mitinqlərdə “Qarabağ” deyə qışqırırdı, ancaq hakimiyyət istəyirdi. İndi Vardanyan da gəldi Qarabağa, rus pasportundan imtina etdi. Partiya yaradacaq, seçkilərə qatılacaq, Qarabağı geri qaytarmaq üçün bağıracaq, kasıb, avam erməni xalqı da buna inanacaq. Putin də rus xalqını SSRİ-ni bərpa etmək iddiası ilə aldadır, avam xalq da bu nağıllara inanır. Bu cür siyasi gedişlər, xüsusilə post-sovet məkanında ən çox uğurla sınaqdan keçirilmiş vasitədir”.
Səxavət Məmməd