Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” (“Voxj Mnalu Arvest” – sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılmışdır.
Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “Asala”, “PKK” və digər terror təşkilatlarının üzvlərini “VoMa”nın üzvülüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilmişdir.
Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir.
Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluq əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir.
Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.