“Nikolizmdən (Nikol Paşinyan hakimiyyətinə Ermənistan müxalifəti tərəfindən qoyulan ad – red.) daha pis bir şey varsa, o da hakimiyyətin ölkədə yaratdığı xaosdur”.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Respublikaçılar” Partiyasının üzvü Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.
“Görünən odur ki, nikolist rejimin legitimliyi yoxdur. Millətçilər, liberallar, müstəqillər, din xadimləri, rusiyapərəstlər, qərbpərəstlər və hətta sorosluların bir hissəsi onu ittiham edir. Artıq ölkəmizdə Nikolizmin rədd edilməsi ilə bağlı konsensus var”, – deyə o qeyd edib.
Müxalifətçinin sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyasından, yüksək vəzifəli məmurlardan və bəzi oliqarxlardan başqa, erməni ictimaiyyətinin qalan hissəsi anlayır ki, Nikolizm Ermənistanı məhv edir:
“Nikolizmin süqutu ilə bərabər xaos ehtimalı da artır. Xaosun qarşısını almaq üçün milli-dövlət qüvvələrini və strukturlarını birləşdirmək lazımdır ki, Ermənistan populist-avanturist anti-dövlətçi ünsürlərin hədəfinə çevrilməsin və onlar Ermənistanın başına yeni problem gətirməsin. “Nikol gedə bilər, kim istəyir gəlsin” təhlükəli və dövlət əleyhinə olan bir tezisdir.
Nikol getməlidir, ona görə ki, səsinin tembri bezdiricidir, hərəkətləri sistemsizdir, antimilli fəaliyyətlər həyata keçirir. O, kilsəyə, istiqlal bəyannaməsinə qarşı çıxdı, ermənilərə müharibə elan etdi. Nikolizmin aradan qaldırılması o halda faydalı ola bilər ki, real milli-dövlət gündəmini daşıyan aktorlar hökumət qarşısında məsuliyyəti öz üzərinə götürsünlər. Çünki Ermənistanın dövlət maraqları bunu tələb edir. Əks halda, xaosa düşəcəyik və bu, dövlətçiliyimizin son sonu olacaq”.
Rafi Müslümov