Göyçə mahalının Yeranos kəndində dünən baş verən zəlzələ nəticəsində evlərin bəziləri ciddi zədə alıb, hətta bəziləri dağılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Göyçə qubernatoru Karen Sərkisyan məlumat verib.
Sərkisyan kənddəki evlərdə və məktəbin binasında çatlar əmələ gəldiyini, regional və ictimai komissiyaların qiymətləndirmə işləri apardıqlarını bildirib.
Onun sözlərinə görə, Vardadzor, xüsusilə də Yeranos kəndləri ciddi xəsarətlər alıb.
Yeranos administrasiyasının rəhbəri Baveyan komissiyanın dəymiş ziyanla bağlı qiymətləndirmə apardığını deyib:
“Sakinlərlə birlikdə baş verənləri qeydə alırıq. Komissiya araşdırma aparır, konkret rəqəm deyə bilmərəm, amma ziyan xeyli olub, 50-dən çox evə ziyan dəyib. Köhnə torpaq evlərdə çökmələr var, dəmir-beton evlərdə çatlar əmələ gəlib”.
Qeyd edək ki, bu gün gecə saatlarında Ermənistanda episentri Martuni şəhərindən 9 km şimal-şərqdə yerləşən 4.2 bal gücündə zəlzələ baş verib.