“Gərginlik müharibə ilə nəticələnməyəcək”.
Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasındakı gərginlik və Qarabağa köç iddiasını dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov səsləndirib.
Rövşən Məhərrəmov bildirib ki, Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı hələ ki yoxdur.
“Azərbaycan tərəfi sülh müqaviləsi üçün 10-cu paketi Ermənistana təqdim edib. Samvel Babayan açıqlama verib ki, Qarabağa qayıtmaq üçün 2 min karvan hazırlayıblar. Separatçılar gərginliyi artırmaq istəyir. Gördük ki, keşişin təşkil etdiyi mitinqlər fiaskoya uğradı. Paşinyana xalq daha çox dəstək verdi”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Fransanın Ermənistana verdiyi “Sezar” haubitsası təhlükəli silahdır.
“Azərbaycan da o silaha adekvat silahlar alır. Sürətlə silahlanma gərginlik yaradır. Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsin pozulması hallarına rast gəlinir. Bu ondan xəbər verir ki, Ermənistan daxilində qeyri-stabillik var. Burada Rusiyanın da böyük rolu var. Ruslar Xankəndində konsulluq açmaq istədiyini bildirdi, ardınca Samvel Babayan Qarabağa köçəcəklərini dilə gətirib. Bu, Azərbaycana qarşı təxribatdır. Samvel Babayanın özü axtarışdadır. O, Azərbaycana keçən kimi həbs ediləcək.
Paşinyan bildirir ki, sülh müqaviləsi bağlamağa hazırdırlar. Ancaq sülh bir qədər vaxt alacaq, ancaq çərçivə sazişi imzalana bilər. 44 günlük müharibə zamanı Ermənistan ordusunun silahlarını məhv etmişik. Ona görə də, onlar məcburdur silah alsın.
Gərginlik yaşansa da, bunun müharibəyə çevriləcəyini düşünmürəm”, – deyə o fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd