“Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans keçirildi – FOTO/VİDEO

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransı başlayıb.

Yenicag.az xəbər verir ki, konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edir.

Konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş etdirilib.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu bildirib.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxışında Ermənistanın bölgədə davamlı sülh üçün Azərbaycanın xoşniyyətli addımlarına müsbət cavab verməli olduğunu bildirərək deyib:

“Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik. Silah alıb təkrar hazırlıq işləri görməyin, qonşu dövlətin torpaqlarına təkrar göz dikməyin bir faydası olmadığını hər kəs bilməlidir. 30 illik ədalətsizliyin ardından davamlı sülhün qurulmasının çətin olacağını bilirik. Ancaq Türkiyə olaraq, bölgədə sülh üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanındayıq”, – deyə M.Çavuşoğlu qeyd edib.

Çıxışlardan sonra Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib. Sertifikatlar 10 ölkəni təmsil edən 16 nəfərə verilib. Konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Məsimə Məmmədova