Ermənistanı dalana dirəyən SİYASİ GEDİŞLƏR: “Rəsmi Bakının erməni əhali ilə dialoqunun davamı üçün…”
“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasını nəzərə alsaq, Vardanyan, Arutyunyan, ya başqa separatçının harasa gediş-gəlişləri heç nəyi dəyişə bilməz”.
Bu fikirləri Qarabağ ətrafında cərəyan edən proseslər, ekoloji aksiyanın verdiyi effekt və digər məsələləri şərh edən hərbi-siyasi icmalçı Nazim Bayramov Yenicag.az-a açıqlamasında səsləndirib.
Nazim Bayramov bildirib ki, ekoloji aksiyanın keçirilməsi bir sıra reallıqları dəyişib:
“Azərbaycan Ermənistan üzərində qələbənin qazandırdığı üstün mövqelərdən növbəti strateji hədəflərinə doğru irəliləyir. Bunlardan ən yaxın vəzifələr Qarabağ üzərində Azərbaycan qanunvericiliyinin bərpası, Ermənistanla dövlət sərhədinin müəyyən edilməsi və Naxçıvana yolun açılmasıdır.
Münxendə ABŞ dövlət katibi Blinkenin təşkil etdiyi son üçtərəfli görüşün yekunlarını şərh edərkən İlham Əliyev bildirdi ki, hazırda iki ayrı siyasi vektor yaranıb. Azərbaycan-Ermənistan münasibətləri ayrı, Azərbaycanın öz erməni əhalisi ilə münasibətləri ayrı treklərdir. Ermənistanla sülh müqaviləsində Qarabağa aid hər hansı müddəa qəbuledilməzdir. Azərbaycan- Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması təklifi Avropa və ABŞ tərəfindən qəbul olunur.
Bu da o deməkdir ki, Ermənistan cavabını uzatsa belə, Laçın yolunda və apreldə istismara veriləcək yeni Kornidzor yolunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqələri tezliklə yeni reallığın mühüm elementi olacaq.
Qarabağda qalan erməni silahlı dəstələrinin çıxarılmasına ya tərk-silah olunmalarına yönəlik hərbi-siyasi tədbirlərlə bərabər, Azərbaycan Qarabağın iqtisadiyyatına və təbii resurslarına nəzarəti gücləndirir.
Hazırda Azərbaycanın müraciəti və təqdim etdiyi materiallar əsasında BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistanın 30 illik işğal dövründə qeyri-qanuni fəaliyyəti nəticəsində Azərbaycanın ekologiyasına, çaylara, meşələrə, flora və faunasına, təbii resurslarına vurduğu ziyana, törətdiyi cinayətlərə baxılır. Bu isə Qarabağın təbii resurslarını, su hövzələrini, dağ mədənlərini fiziki olaraq nəzarətə almaq üçün Azərbaycana əlavə ciddi hüquqi əsaslar verir.
Dekabrın 12-dən Xankəndi yolunda davam edən ekoloji aksiya nəticəsində qondarma rejim mədənlərin işini “beynəlxalq monitorinqə qədər” dayandırmalı oldu. Mədən sənayəsi isə qondarma “Artsax”ın iqtisadiyyatının bünövrəsi və “büdcə” gəlirlərinin əsas mənbəyini təşkil edirdi.
Separatçıların digər əsas gəlir mənbələri kənd təsərrüfatı və elektrik enerjisi istehsalı idi.
Ermənistan işğal etdiyi ətraf rayonların əkin sahələrindən özünə ildə 90 min ton taxıl daşıyıb. 2021-ci ildən həm Ermənistan, həm öz taxıl tələbatını ətraf rayonlardan təmin edən “Artsax” bundan məhrum olub. Elektrik enerjisini Ermənistana satan qondarma “respublika” rayonlarımız işğaldan azad ediləndən sonra Ermənistandan elektrik alır. Bununla qondarma “Artsax”ın iqtisadi bünövrəsi sarsılıb. İqtisadi böhran qida təchizatında talon sisteminə keçidi qaçılmaz etmişdi. Lakin erməni təbliğatı bunu uydurma “blokada”ya bağlayır.
Ekoloji aksiyamız daha bir reallığı dəyişib. Separatçı rejim düşünürdü ki, sülhməramlıların himayəsində Laçın dəhlizindən istədiyi kimi, istədiyi məqsədlərə sərbəst istifadə edəcək. Lakin aksiya aşkar etdi ki, sülhməramlı missiyanın vəzifələri situasiyanın monitorinqi, silahlı insidentlərin qarşısının alınması və humanitar məsələlərdir. O cümlədən ərazilərin minalardan təmizlənməsi. “Artsax”ın canı isə bir dinc aksiyanın əlindədir.
Qarabağın postmünaqişə məsələlərinin həlli artıq Azərbayanın daxili işi olsa da, ermənilərin “blokada” haqqında dünyaya car çəkmələri Ermənistanın Azərbaycanla sülh bağlamasının zəruriliyini beynəlxalq gündəmdə aktual qalmasına xidmət edir. Rəsmi Bakının erməni əhali ilə dialoqunun davamı üçün Qarabağa kənardan “desant olunan” Vardanyan rədd olmalıdır.
Bütün bunları və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasını nəzərə alsaq, Vardanyan, Arutyunyan, ya başqa separatçının harasa gediş-gəlişləri heç nəyi dəyişə bilməz və bu mənada ayrıca şərhə layiq deyil. Bunlar yalnız ermənidaxili gündəm baxımından maraq kəsb edə bilər”.
Səxavət Məmməd