Ermənistanı silahlandırmaq üçün Qərb-Rusiya “MARAFONU”: “Regionda təhlükəsizliyə təhdidlərin artması…”
“Rusiya anlamalıdır ki, Cənubi Qafqazda Ermənistanın silahlandırılması eskalasiya riskini daha da artırır”.
Bu fikirləri Ermənistanın həm Qərb, həm də Rusiya tərəfindən silahlandırılmasının regiondakı vəziyyətə təsirini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanla Rusiyanın münasibətləri müttəfiqlik xarakteri daşısa da, İrəvan qərbmeyilli siyasətini daha da dərinləşdirməyə çalışır:
“Qərbmeyilli xarici siyasət fonunda Rusiyanın Ermənistana silah satması bir qədər müəmmalı məsələdir. Çünki İran vasitəsilə Hindistan, Gürcüstan vasitəsilə Fransa silahlarının Ermənistana gətirildiyi hər kəsə məlumdur. Belə olan təqdirdə, regionun təhlükəsizliyi üçün təhdidlər çoxalır.
Rusiya anlamalıdır ki, Cənubi Qafqazda Ermənistanın silahlandırılması eskalasiya riskini daha da artırır. Əgər Kreml, həqiqətən, sülh tərəfdarıdırsa, bu istiqamət yolverilməzdir.
Düzdür, keçmiş razılaşmalara uyğun olaraq bu işlər görülə bilər. Lakin bu məqam da işğalçı, Azərbaycanın irsi mədəniyyətini yox etməyə çalışan, həm insanlıq əleyhinə hərbi cinayətlər, həm ekoloji terror törədən Ermənistana silah satmağa haqq qazandırmır.
Əlavə olaraq, belə bir ölkənin silahlandırılması revanşizmi dəstəkləyə, nəticədə isə Ermənistana Azərbaycana hücum etmə rahatlığı verə bilər. Bu amillər nəzərə alındıqda Ermənistanın silahlandırılmasının destruktiv xarakter daşıdığı şübhə doğurmur”.
Nəsimi Ələsgərli