!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ABŞ və Fransa taktikası: "Rusiya Paşinyanın oyununu başa düşür"

!Reklam – Yazi

“Həm Qərb, həm də Rusiya Ermənistanın son təxribatlarından faydalanmağa çalışır”.

Bu sözləri Azərbaycanla Ermənistan arasındakı gərginlikdə Rusiya faktorunu dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı danışıqların baş tutmamasının əsas səbəbi rəsmi İrəvanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən qaynaqlanır:

“Paşinyanın üzərinə götürdüyü öhdəliklərdən qaçmağa səy göstərməsi ilk baxışdan daxili təzyiqlərlə izah olunsa da əslində vəziyyət tam başqadır. Ermənistanda keçirilən son parlament seçkiləri və onun nəticələri göstərdi ki, Paşinyanın ölkə daxilində mövqeləri güclüdür və müxalifət təqdim olunduğu qədər yetərli dəstəyə malik deyil. Bu isə o anlama gəlir ki, Paşinyanın ökdəliklərdən qaçması tamam başqa faktorlarla əlaqəlidir.

Bu faktorlar içərisində ən başlıca rol ABŞ və Fransanın mövqeyi ilə bağlıdır. Rusiyanın təkbaşına vasitəçilik missiyası ilə proseslərdən təcrid olunan Qərb hər nə olursa olsun, yenidən proseslərə qoşulmaq istəyir. Bu isə yalnız Rusiyanın vasitəçilik missiyasının fiaskoya uğraması halında, yəni başqa sözlə, Azərbaycan və Ermənistan arasında münasibətlərin yenidən kəskinləşməsi ilə mümkündür. Rəsmi İrəvanın davamlı şəkildə KTMT-yə müraciətləri, Rusiya ilə təhlükəsizliklə bağlı ikitərəfli müqaviləni əsas götürərək ondan yardım istəməsi də əslində Paşinyanın oynadığı ikili oyunun tərkib hissəsidir. KTMT-də Azərbaycan əleyhinə hər hansı bir qərarın qəbul olunmayacağını yaxşı bilən rəsmi İrəvan bununla da “siz kömək etmədiniz deyə biz ABŞ və Fransaya müraciət etmək məcburiyyətində qaldıq” – deməklə, faktiki olaraq Rusiyanın vasitəçilik missiyasına kölgə salmağa cəhd göstərəcəyini düşünür”.

Rusiyanın oynanılan oyunun nədən ibarət olduğunu yaxşı bilməsi fonunda baş vermiş gərginlikdən öz maraqları üçün istifadə etməyə çalışdığını hesab edən Yusif Bağırzadəyə görə, Rusiya rəsmilərinin bir-birinin ardınca “atəşkəsi biz təmin etdik, müharibənin dayandırılmasına biz nail olduq, sərhəddəki son gərginlik də bizim səylərimizlə sabitləşdi” mesajları digər qüvvələri prosesdən kənar tutmağa və “hər şey nəzarətimizdədir” mesajını verməyə hesablanıb:

“Putinin “vəziyyətin nizamlanmasında Rusiyanın rolu artıb” deməsinə də məhz bu konteksdən baxmaq lazımdır. Putin bundan əvvəl də sərhədlərin müəyyənləşməsində iştirak etmək və vasitəçi olmaq arzusunda olan Qərb dairələrini prosesdən kənar saxlamaq üçün “sərhədlərlə bağlı xəritələr Rusiyanın Baş Qərərgahındadır” bəyanatını vermiş və bununla da “kənar müdaxiləyə ehtiyac yoxdur” mesajını vermişdi. İndi isə Azərbaycan və Ermənistan arasında olan gərginlikdən öz maraqları üçün istifadə etməyə çalışan Putin rəsmi İrəvanın gələcəkdə Rusiyanı proseslərdən kənarda saxlamaq niyyətlərinə birdəfəlik son qoymaq üçün “son hadisələr göstərdi ki, Azərbaycan və Ermənistan arasında gərginlik davam edir və vəziyyətin həlli üçün sülhməramlı kontingent tələb olunur” bəyanatı ilə çıxış edir. Bu o anlama gəlir ki, Rusiya bütün sərhəd boyu öz hərbi kontingentini yerləşdirməyi planlaşdırır və regionda onsuzda kifayət qədər olan qüvvələrinin sayını artırmaq istəyir. Bu mənada son hadisələrin həm də Rusiyanın maraqlarına xidmət etdiyini deyə bilərik. Bütün bunlar onu deməyə əsas verir ki, həm Qərb, həm də Rusiya Ermənistanın son təxribatlarından faydalanmağa çalışır.

Son bir il ərzində Rusiya sülhməramlı kontingentinin öz missiyalarına uyğun mövqe sərgiləmədiyini nəzərə alsaq, sərhəd boyu yeni rus hərbi kontingentinin yerləşdirilməsi dövlət olaraq bizim də maraqlarımıza uyğun gəlmir. Odur ki, regionda qüvvələr nisbətinin dəyişməsinə imkan verməmək üçün yaxşı olardı ki, biz də Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsinin şərtlərinə uyğun olaraq Ermənistanla bütün sərhəd boyu Türkiyə hərbi kontingentinin yerləşməsinə nail olaq. Bunun üçün Azərbaycanın əlində kifayət qədər əsaslar var”.

Gülşən Şərif

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv