Ermənistanın addımları heç bir tərəfdaşa qarşı yönəlməyib.
Yenicag.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Diplomat jurnalistlərlə söhbətində Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun Rusiyaya qarşı yönəlmiş addım olub-olmaması sualına münasibət bildirib: “Biz bütün tərəfdaşlarla, o cümlədən Rusiya ilə dialoqumuzu aparmışıq və davam etdiririk. Şübhəsiz ki, siz bilirsiniz ki, cəmi bir neçə həftə əvvəl XİN rəhbəri Moskvada işgüzar səfərdə olub və orada Rusiyanın xarici işlər naziri Lavrovla kifayət qədər konstruktiv müzakirələr aparıb”.
Xarici işlər nazirinin müavini Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırması ilə bağlı suala belə cavab verib: “Əgər belə səfərlər nəzərdə tutulursa, hökumət tərəfdaşları bu barədə lazımi vaxtda mütləq məlumat verəcəklər. Hazırda gündəmimizdə belə bir şey yoxdur”.