Ermənistanın Azərbaycana qarşı səngiməyən təxribatları: “Rəsmi İrəvanın etdiyi bu hərəkət ilk deyil” – ŞƏRH

“Birinci Qarabağ müharibəsindən sonra bizim Ermənistanda 4000-ə yaxın əsir vətəndaşımız var. Onlar haqqında heç bir məlumatımız yoxdur”.

Bunu əsgərimizin erməni əsirliyində işgəncəsi fonunda Ermənistanın tarix boyu Azərbaycana qarşı etdiyi qəddarlıqdan danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, əsir əsgərimizə qarşı olunan işgəncəni nəinki Azərbaycan xalqı, benyəlxalq ictimaiyyət də pislədi:

“Erməni vəhşiliyini hər kəs gördü. Beynəlxalq cəmiyyət ermənilərin dəfələrlə heç kimə qarşı insanlıq hissinin olmadığını müşahidə etdi. Əsirə, uşağa, qocaya, qadına – bir sözlə heç kimə mərhəmət etmirlər. Dünya dövlətləri bu vəhşiliyə məyus olduqlarını bildirdi. Beynəlxalq Qızıl Xaç Komitəsi əsirlə görüşəcəyini, ailəsinə məlumat veriləcəyini xəbər verdi.

Ermənistanın Azərbaycana qarşı etdiyi bu hərəkət ilk deyil. Birinci Qarabağ müharibəsindən sonra bizim Ermənistanda 4000-ə yaxın əsir vətəndaşımız var. Onlar haqqında heç bir məlumatımız yoxdur. Azad etdiyimiz torpaqlardan kütləvi qəbirstanlıqlar üzə çıxır. Əlavə olaraq 90-cı illərdə ermənilərin əsirlərə qarşı qəddar davranışlarını xalq olaraq dünyaya çatdırmağa çalışırıq. Müxtəlif dövlətlərin paytaxtlarında Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə ermənilərin nə qədər qəddar olması ilə bağlı məlumatlar insanlara çatdırılır. Ermənistan Azərbaycana qarşı etdiyi hər bir vəhşiliyə görə cəzalandırılmalıdır”.

Nəsimi Ələsgərli