Ermənistanın baş nazirindən SABOTAJ: “Paşinyan Rusiyadan canını qurtarmaq istəyir”

“Erməni tərəfi hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addımlarını sabotaj adlandırmasını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan Rusiya ilə hərbi-siyasi əlaqələri kəsir.

“Üçtərəfli bəyanat imzalanıb 9-10 noyabr 2020-ci ildə. O zaman Ermənistanın əl qolu bağlı idi. Ermənistanın 20 minlik ordusu Qarabağda mühasirədə idi, faktiki olaraq Qarabağ separatçılarının liderləri zirzəmilərdə gizlənmişdilər, müqavimət göstərmək imkanları yox idi. Putin Paşinyana dedi ki, üçtərəfli bəyantı imzalayırsan. Bəyanatın 9-cu maddəsində yazılıb ki, Azərbaycanın qərb rayonlarından Naxçıvana Zəngəzur yolu açılır və onun təhlükəsizliyinə zəmanəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti verir. Paşinyan bu sənədi məcburən imzaladı”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Paşinyan yavaş-yavaş Rusiyadan canını qurtarmaq istəyir.
“Aeroportdan, Azərbaycanla sərhəddən rus sərhədçilərini çıxardı. Bəzi əraziləri ruslara icarəyə vermişdi. Oradan da rusları çıxardı. İndi söhbət gedir ki, İranla və Türkiyə ilə sərhəddən də rusları kənarlaşdırcaqlar, daha sonra hərbi bazanın Ermənistandan çıxarılmasını tələb edəcəklər. Ermənistan Rusiya ilə hərbi-siyasi əlaqələri kəsir ancaq iqtisadi əlaqələr durur. Belə olan təqdirdə, Rusiya tərəfi tələb edir ki, üçtərəfli bəyanata uyğun olaraq, Zəngəzur dəhlizini açsın. Paşinyan bunu istəmir. Ona görə də, Lavrov deyir ki, Paşinyan sabotaj edir. Paşinyan öz dövlətinin maraqlarını müdafiə etmək və Rusiyadan asılılığını aradan qaldırmaq istəyir”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29