!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın beynəlxalq cinayətləri haqda hesabat hazırlandı

!Reklam – Yazi

Yerli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən geniş hesabatı hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, hesabatda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən 9 yerli və üç xarici təşkilatın hazırladığı on iki məruzə yer alıb. Hesabata daxil edilən məlumatlarda Ermənistanın müharibə zamanı beynəlxalq konvensiyalarla mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi qadağan olunmuş silah-sursatlardan istifadə etməsindən bəhs olunur. Hesabatda vurğulanır ki, Ermənistanın istifadə etdiyi bu silah-sursatlar Azərbaycanın münaqişə zonasından uzaq ərazilərdə, şəhər və kəndlərdə yaşayan dinc sakinlərin ölümünə səbəb olub. Ermənilər hərbi əməliyyatlar zamanı terrorçuları və muzdluları, həmçinin uşaqları bu vəhşiliklərə cəlb ediblər. Hesabatda bildirilir ki, Ermənistan bu faktları gizlətməklə dünya mediasında söz azadlığına böyük zərbə vurub. QHT-lərin hesabatlarında, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin tarixi, mədəni və dini abidələri dağıtması, meşələri məhv etməsi, mineral ehtiyatları mənimsəməsi, həmçinin su mənbələrinə məqsədli müdaxilə və digər faktlar əksini tapıb.

Hesabatda Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İkinci Qarabağ müharibəsinin başlanması səbəbləri, yaratdığı fəsadlar və törədilən cinayətlərə dair” məruzəsi də yer alıb. Məruzədə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərin, vurulan ziyan haqqında müşahidələrin, müxtəlif rəylərin və mövcud vəziyyətin dəyərləndirilməsi əks etdirilib. BAMF-ın hesabatı Fondun müşahidə missiyasının üzvləri – BAMF-ın prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi, beynəlxalq münasibətlər üzrə ekspert Peter Teys, qurumun BMT-nin Cenevrə ofisində, BMT İnsan Haqqları üzrə Komitəsində daimi nümayəndəsi, hüquq elmləri üzrə professor Osman Әl Hac tərəfindən hazırlanıb.

Hesabatda, həmçinin Müvəkkil Hüquq Mərkəzi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının hazırladığı “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair” məruzə də yer alıb. Bu məruzədə Ermənistan silahlı qüvvələrinin Qarabağdan uzaqda yerləşən şəhərləri məqsədli şəkildə bombalamaqla dinc əhaliyə qarşı törətdiyi terror aktlarından, bu ölkənin hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüququn normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqlarına dair digər beynəlxalq sənədlərini kobudcasına pozmaqla öz təcavüzkar siyasətindən əl çəkməməsindən bəhs olunur.

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyinin “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qadınların və uşaqların qəsdən öldürülməsi və onların hüquqlarının kobudcasına pozulması” adlı məruzəsi də hesabata daxil edilib. Məruzədə həyatını itirənlərin bir çoxunun qadınlar və uşaqlar olması, ümumilikdə sentyabr-oktyabr aylarında Azərbaycan ərazilərinə endirilən raket zərbələri nəticəsində mülki əhalinin – uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına dair beynəlxalq sənədlərin, o cümlədən BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsi”nin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyalarının, habelə 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının müddəalarının ciddi şəkildə pozulduğu qeyd edilir.

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Vətən müharibəsi dövründə dinc əhalinin hədəfə alınması ilə bağlı məruzəsində ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərin Ermənistan tərəfindən raket atəşinə tutulması, mülki şəxslərə dəyən zərər, həyatını itirən insanlar barədə məlumatlar əksini tapıb.

Hesabatda Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin Ermənistan və erməni lobbisinin söz azadlığını boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında məruzəsi də yer alıb.

“Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair məruzəsi də hesabatda dərc edilib. Məruzədə qeyd olunub: “Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizdə 2645 tarixi mədəniyyət və 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə kompleksi, 23 muzey, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri məhv edilib. Bununla yanaşı, ermənilər 4,6 milyon kitabı, 13 arxivi, 260 min arxiv sənədini məhv ediblər. Onlar, həmçinin 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarına aid tarixi əhəmiyyətli ov və məişət əşyalarını, o cümlədən xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər və digər əşyaları mənimsəyiblər”.

Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz xətlərinin qəsdən hədəfə alınması haqqında Qafqaz Regional Ekoloji Mərkəzinin və Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının məruzələrində Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziyan, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlarla bağlı məlumatlar əksini tapıb.

Beynəlxalq İnsan Hüquqları Standartlarının Tətbiqi üzrə İşçi Qrup İctimai Birliyinin hazırladığı məruzədə Ermənistanın Azərbaycana qarşı döyüşlərdə muzdlulardan və xarici terrorçulardan istifadə etməsi barədə məlumat əksini tapıb.

Hesabatda Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı məruzəsi də dərc edilib. Digər xarici qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan məruzələrdə bildirilir ki, Ermənistanın Azərbaycanın sıx məskunlaşmış ərazilərinə raket zərbələri nəticəsində xəstəxana və yaşayış evləri daxil olmaqla, mülki infrastruktura ciddi ziyan dəyib. Həmçinin raket hücumları zamanı kasetli bombalardan istifadə olunmasının ağır nəticələrindən bəhs edilir.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv