“Ermənistan müstəqilliyini əldə etdikdən sonra son 30 ildə daim xarici təsirlər altında olub”.
Bu sözləri Yenicag.az-la söhbətində siyasi şərhçi Sahil Kərimli deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamasına münasibət bildirib.
S. Kərimli xatırladıb ki, əvvəlki illərdə Ermənistan Rusiyanın vassalı kimi fəaliyyət göstərən bir ölkə olub:
“Son illərdə isə Nikol Paşinyan hökuməti Qərb və Avropadan müəyyən dividentlər qazanmaq üçün siyasətini dəyişməli oldu. Nikol Paşinyan özü də yaxşı anlayır ki, hansısa xarici ölkələrə və beynəlxalq dairələrə arxalanmaq siyasəti də fiaskoya uğrayıb. Çünki ortada Azərbaycan dövlətinin yaratdığı yeni reallıqlar var və bu reallıqlar ondan ibarətdir ki, Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır”.
Onun sözlərinə görə, zaman-zaman Avropadakı dairələr, eləcə ABŞ son illər Ermənistana himayədarlıq etməyə, onun üzərindən müxtəlif oyunlar oynamağa çalışsa da, o cümlədən bununla Azərbaycana qarşı məkrli siyasət həyata keçirmək cəhdləri olsa da, həmin dairələr buna nail ola bilmədilər:
“Çünki bu gün Azərbaycanın haqlı və ədalətli, eyni zamanda qətiyyətli milli maraqlara əsaslanan siyasəti var ki, bu siyasət qarşısında Ermənistan duruş gətirə bilmir. Hər nə qədər beynəlxalq himayələr olsa da, İrəvan bundan hansısa qazanc əldə edə bilmədi. Bunu Nikol Paşinyan da yaxşı anlayır və başa düşür ki, Ermənistanın yeganə çıxış yolu bölgədə qonşuları ilə normal münasibətlər yaratmaqdan keçir. Yəni Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, müstəqil siyasət həyata keçirmək lazımdır. Ona görə də erməni nazir açıq şəkildə dilə gətirir ki, beynəlxalq, yaxud xarici himayəçilər olmadan irəliyə baxmaq lazımdır”.
S.Kərimli hesab edir ki, Paşinyanın bununla bağlı dedikləri doğrudur:
“Çünki min kilometrlərlə uzaqda yerləşən ölkələrin bölgəmizə nüfuz etmə, habelə Ermənistana havadarlıq etmə cəhdləri boşa çıxdı. Bunun nəticəsi olaraq artıq Ermənistan Azərbaycanla təkbətək və heç bir vasitəçi olmadan danışıqlar aparması və sülh müqaviləsinin imzalanması istiqamətində proseslərin həyata keçirməsi İrəvan üçün aktual məsələ olmalıdır”.
“O ki qaldı sərhədlərdəki gərginliyin olmasına, nə qədər ki sülh müqaviləsi imzalanmayıb, Ermənistan konstruktiv mövqe ortaya qoyub sərhədlərin müəyyənləşdirilməsi istiqamətində son addımları atmayıb, bəli, bu gərginlik ola bilər. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, rəsmi Bakı nə qədər bölgədə sülh istəsə də, İrəvanın bu kimi destruktiv mövqeyi qarşısında, lazım gələrsə, hərbi təxribatlara qətiyyətlə cavab vermək iqtidarındadır. Bu təhlükə, ümumiyyətlə, hərbi təxribatlar Ermənistan tərəfindən olarsa və gərginlik pik həddə çatarsa, bu cür qarşıdurmaların baş verməsi istisna deyil.
Burada isə itirən Ermənistan olacaq, çünki İrəvan çox yaxşı bilir ki, Azərbaycanın səbr kasası dolduqda, danışıqlar masasında imkanlar tükəndikdə, Azərbaycan hərbi variantlardan istifadə edib ki, bu istiqamətdə əldə olunan uğurlar bəllidir”, – deyə o, fikirlərini tamamlayıb.
Qeyd edək ki, erməni nazirin “Xaricdən kömək və himayədar olmadan yaşamağın formulunu tapmaq məcburiyyətindəyik” açıqlaması müzakirələr səbəb olub.
Rafi Müslümov