Ermənistanın çəkingən DAVRANIŞLARI: “Zəngəzur dəhlizinin açılması bir az zaman alacaq” – ŞƏRH

“Paşinyan-Putin görüşü Azərbaycan tərəfi ilə Ermənistan arasındakı müsbət dialoqların aparılması istiqamətində olacaq”.

Bu fikirləri 10 noyabr bəyanatının imzalanmasından bu günədək Ermənistanın sərgilədiyi davranışlar və bölgədəki ümumi siyasi mənzərə haqqında danışan Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, 10 Noyabr bəyanatının imzalanmasına 1 ay qalmasına baxmayaraq, münaqişə tərəfləri arasında hələ də sülh əldə edilməyib:

“Azərbaycan tərəfi hər zaman sülhdən yana olduğunu bəyan edir, amma Ermənistan tərəfi destruktiv mövqe nümayiş etdirir. Nəhayət, son zamanlar Ermənistan tərəfindən müsbət mesajlar gəlməyə başlayıb. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfi ilə bir masada əyləşməyə hazır olduğunu deyib.

Ehtimal edirəm ki, tərəflər yenidən bir masaya gələcək. Bu dəfəki müzakirə predmeti sülh prosesi, delimitasiya və demarkasiyası məsələsi olacaq. Ancaq ilk olaraq Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Moskva da öz maraqları naminə tərəflər arasında sülhün əldə edilməsindən yana olduğunu büruzə verir. Zənn etmirəm ki, bu proseslər çox vaxt aparsın.

Zəngəzur dəhlizinin açılması isə gündəmdədir və bir çox tərəflər buna müsbət yanaşır. Ancaq Ermənistan tərəfi bu istiqamətdə çətinlik yaradır. Zəngəzur dəhlizi tərəflər arasında delimitasiya və demarkasiyası prosesləri həll olunduqdan sonra aktiv hal alacaq. Ona görə də Zəngəzur dəhlizinin açılması bir az zaman alacaq”.

Gülşən Şərif