!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın danışıqlı döyüşü və ya ikiüzlü siyasətə necə cavab verməli? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Qarabağ müharibəsinin aktiv fazası geridə qalandan sonra Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgələrimizdə hələ də qanunsuz erməni silahlı dəstələri xidmət aparmaqdadır. Bununla bağlı Azərbaycan tərəfi bir neçə dəfə etiraz səsini ucaltsa da, heç bir nəticə verməyib.

Hazırda Ermənistanla Azərbaycan arasında müəyyən danışıqlar baş verir. Delimitasiya komissiyası yaradılıb, kommunikasiyanın açılması üçün cəhdlər var, ancaq müsbət sayıla biləcək bu halların qarşılığında Paşinyan birdən-birə, belə desək, “valı dəyişdi”.

Bir müddət əvvəl istər Paşinyan, istərsə də Ermənistan parlamentinin nümayəndələri Azərbaycanın sərhədlərini tanımağın vacibliyindən danışdılar, hətta Qarabağa Azərbaycan Konstitusiyası çərçivəsində status verilməsini bildirdilər. Paşinyan və erməni parlamentarilər hətta xalqa başqa çarələrinin olmadığını açıq şəkildə deyirdilər. Təbii ki, erməni tərəfinin hər belə çıxışı unutqan Azərbaycan xalqının nümayəndələri tərəfindən alqışla qarşılanırdı. Hətta biraz da irəli gedib, az qalsın, Paşinyanı sülh mükafatına layiq görənlər də var idi.

Həmin Paşinyan 180 dərəcə dəyişərək artıq fərqli çıxışlar etməyə başladı. Bütün ləngimələrə görə Azərbaycan tərəfini ittiham edir.

Paşinyan azərbaycanlıları cuşa gətirən çıxışlar edəndə erməni müxalifəti ayağa qalxdı. Elə o zaman da yazırdıq ki, bu, danışılmış döyüşdür. Dünyaya göstərilirdi ki, xalq Paşinyan və onun komandasının mütərəqqi ideyalarına hazır deyil. Paşinyanın son çıxışından sonra anlamaq olur ki, o, lazım olan dairələri ya inandıra bilib, ya da konkret tapşırıq əsasında bu cür danışır. Paşinyan hər nə qədər Qərbə meyilli görünsə də, əslində, yaxşı bilir ki, hakimiyyətini qorumaq üçün Moskva ilə hesablaşmalıdır. Hesab edirəm ki, tapşırığı da məhz Moskvadan alır. Çünki iki ölkə arasında gərginliyin qalmasında ancaq Rusiya maraqlıdır.

Paşinyanın çıxışı təkcə söz olaraq da qalmayıb. Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyan Qarabağa peşəkar hərbçilərin göndəriləcəyini açıqlayıb. O bu açıqlamanı erməni çağırışçıların Qarabağa göndəriləcəyi xəbərini təkzib edərkən deyib. Yəni Qarabağa çağırışçılar, əsgərlər yox, peşəkar hərbçilər göndəriləcək.

Sual yaranır, sülh danışıqları hara, delimitasiya komissiyasının yaradılması hara, komissiyasının açılması hara, Qarabağa peşəkar hərbçilər göndərmək hara?

Başqa bir məsələ. Rusiya tərəfi 10 noyabr bəyanatı ilə öhdəlik götürüb ki, erməni silahlılarını ərazidən çıxardıqdan sonra orada yerləşəcəklər. il yarımdan çoxdur ki, bu baş vermir. Bir neçə dəfə erməni çağırışçıların əraziyə gətirilməsi barədə də dəqiq informasiyalar əldə edilib. Əvvəl erməni tərəfi Rusiya sülhməramlıları ilə bunu gizli şəkildə həyata keçirirdilər. İndi isə rəsmi şəkildə elan edə bilirlər.

Erməni tərəfi bu cəsarəti haradan alır? Rusiyanın icazəsi olmasa, erməni tərəfi bunu edə bilər? Düşünmürəm. Erməni tərəfi bilir ki, ən azı, 3 il yarım ərazidə Rusiya sülhməramlıları olacaq və Azərbaycan tərəfi Rusiya sülhməramlıları ilə qarşıdurmaya getmək istəməyəcək. Dövlət sərhədini keçmək Azərbaycanı çətin vəziyyətə salacaq. Ona görə də siçan-pişik oyunu oynayırlar.

Azərbaycanın əlindəki rıçaqların bir çoxu Rusiyaya dirəndiyi üçün məhdudlaşır. Bəzi şəxslər hər dəfə antiterror əməliyyatı keçirməyi təklif edir. Məsələ ondadır ki, rus əsgərini keçmədən o əməliyyatı həyata keçirmək mümkünsüz görünür. Bu o zaman ola bilər ki, Rusiya tərəfi özü buna icazə vermiş olsun. Münaqişəni yaradan, onu idarə edən, münaqişədən tərəflərə təzyiq vasitəsi kimi istifadə edən ölkə buna razı olar? İnandırıcı deyil. Buna görə də cəmiyyətin reaksiyası çox önəmlidir.

Bunların fonunda cəmiyyətimiz nə edir? Üzdə olan bir qrup “Şuşadan biz niyə qazana bilmirik?” davası, toplum isə onun müzakirəsi ilə məşğuldur…

Səxavət Məmməd

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv