Ermənistanın əl-qolunu bağlayan hava limanımız: “Bu, hərbi hədəf ola bilməz” – ŞƏRH

“Bütün hava limanları strateji hərbi obyektlər sayılır. Vətəndaş daşımacılığı ilə məşğul olan hava limanları beynəxalq hüquqla qorunur”.

Bu fikri Füzuli rayonunda beynəlxalq hava limanının açılışı və onun əhəmiyyətini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, beynəlxalq hava limanları hərbi hədəf ola bilməz:

“Vətəndaş daşımacılığı ilə məşğul olan hava limanları hərbi hədəf ola bilməz. Çünki bu beynəlxalq cinayət sayılır. Bunun üçün yaxın tarixə baxmaq lazımdır. Ukraynanın nəzarətində olmayan Donbasda Malaziyaya aid təyyarə Rusiya silahı ilə vurulmuşdu. Haaqa tribunalında bu sübut olundu.

Yəni Qarabağda beynəlxalq hava limanının açılması dolayısı ilə Ermənistanın əl-qolunu bağlayır. Əgər erməni tərəfi hansısa bir addım atarsa, Azərbaycan kiminləsə məsləhətləşməyəcək, anında sərt şəkildə cavab verəcək. Buna görə də, heç bir ölkə Azərbaycanı qınamayacaq.

Bundan əlavə insanlar bilməlidir ki, hava limanlarının son dərəcə ciddi təhlükəsizlik sistemi olur. Bu təhlükəsizlik təkcə hava limanının özü və yaxın ətrafı anlamına gəlməməlidir. Əfqanıstanda hakimiyyət dəyişikliyi oldu. Ən son hava limanı təhvil verildi və Taliban da bununla hesablaşdı.

Hava limanının tez bir zamanda ərsəyə gəlməsinin iqtisadi anlamından əlavə siyasi anlamı da var. Bundan əlavə hava limanları təkcə bu gün üçün nəzərdə tutulmayıb. Gələcəkdə hava nəqliyyatı çox sürətlə inkişaf edəcək. Bu baxımdan da Qarabağda inşa edilən hava limanları əhəmiyyətlidir”.

Hərbi ekspert Türkiyə prezidentinin Füzuli beynəlxalq hava limanının açılışında iştirak etməsinə isə bu cür münasibət bildirib:

“Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanında açılışda iştirak etməsi çox mətləblərdən xəbər verir. Ərdoğan mesaj verir ki, biz 44 günlük müharibədə təkcə qanımızla, canımızla, hərbimizlə olmadıq. Biz həm də, bərbad günə qoyulmuş diyarların yenidən inkişafı üçün burda varıq.

Bəzi insanlar anlamır ki, hava limanı təkcə vətəndaş daşıması üçün lazımlı deyil. 30 ildən çoxdur ki, Qarabağ dünya gündəmindən düşmür. İnsanlar oranı görmək istəyir, turist kimi, şahid kimi. Ora hərbi ekspertlər, tarixçilər, sosioloqlar gəlmək istəyir. Gəlib görmək istəyirlər ki, Şuşa necə bir yerdir, onun üstündə iki ölkə savaş aparır, dünya gücləri bir-birinə qarşı çıxır. Qarabağda abadlıq işlərinə başlanılıb. Elə şeylər var ki, onun ora çatdırılması qısa zamanda lazımlıdır. Bunun üçün də hava limanı şərt idi.

Hər hansı hərbi təyinatlı yüklərin, insanların daşınması üçün hava limanı lazım idi. Saatlarla yol getməkdənsə, 40 dəqiqəyə XTQ Füzulidə ola bilər. Birinci müharibə zamanı xüsusilə Kəlbəcərdə insanlar hava nəqliyyatı, hava limanı olmadığı üçün ermənilərə əsir düşdü. Füzuli, Zəngilanda Arazı keçib İrana sığındı.

Hava limanı ola bilsin ki, yaxın zamanlarda gəlirlə işləməsin, ancaq Füzuli hava limanı gələcəyə hesabalanıb.

Bütün dünya görür ki, Azərbaycan Qarabağda quruculuq işləri aparır. Ola bilsin ki, bütün dünya Qarabağda evlərin tikilməsindən xəbəri olmasın, ancaq beynəlxalq hava limanı və onun açılışında Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı xoşları gəlsə də, gəlməsə də bütün media qurumlarının xəbərinə çevriləcək və bütün dünyanın bundan xəbəri olacaq”.

Səxavət Məmməd