“İmzalansa belə, bu amil sülh müqaviləsini şübhə altına sala bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sülh müqaviləsinin imzalanması qanunvericilik aktları ilə bağlı bütün narahatlıqları aradan qaldıracaq bəyanatını şərh edən politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, prinsip olaraq bu sözlər doğrudur, çünki Ermənistanın sülhdən və sülh şərtlərinə əməl etməkdən başqa yolu yoxdur.
“Konstitusiyanın dəyişdirilməsi ilə bağlı narahatlıq yoxdur kimi, fikirlər isə kökündən tamamilə səhvdir. Bəli, buna ehtiyac var, Ermənistan konstitusiyası dəyişdirilməlidir. Çünki burada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müvafiq bəndlər mövcuddur”, – deyə o qeyd edib.
Politoloq əlavə edib ki, konstitusiya və müstəqillik aktı bütün beynəlxalq sənədlərdən üstündür.
“Yəni imzalansa belə, bu amil sülh müqaviləsini şübhə altına sala bilər. Azərbaycanın əsas narazılığı da bundan ibarətdir. Ermənistan mütləq konstitusiyada dəyişiklik etməli, ərazi iddialarından əl çəkməlidir,” – deyə o bildirib.
Nəsimi Ələsgərli