Ermənistanın Gəncədə törətdiyi qətliam Xocalı soyqrımının təkrarıdır – QHT sədri

Ermənistanın Gəncədə və digər ərazilərdə yaşayan azərbaycanlılara qarşı törətdiyi qətliam Xocalı soyqrımının təkrarıdır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

Onun sözlərinə görə, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq, onlarla dinc sakini qətlə yetirməsi, yaralaması birmənalı olaraq terror aktıdır.

QHT sədri vurğulayıb ki, Azərbaycan ordusunun işğal edilmiş torpaqlarda işğalçı Ermənistana qarşı uğurlu əks-hücumlar həyata keçirməsi və hər gün kəndbəkənd ərazilərimizin azad olunması, düşmənin canlı qüvvəsi və texnikasının hər an məhv edilməsi Ermənistanı lərzəyə saldığından onlar dinc azərbaycanlılara qarşı xain soyqırımı aktları törədirlər:

“Azərbaycan xalqı və ordusu cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbəsini qazanmaqdadır. Prezidentın təbirincə desək, muüzəffər ordumuz Azərbaycan bayrağını işğal olunmuş bütün torpaqlarımızda qaldıracaq. “Qarabağ Azərbaycandır!” nidası gerçək şanlı tarixin nöqtəsini qoymaqdadır.

Düşmən nəinki uduzur, döyüş meydanında hər şeylərini atıb qaçır. Ordumuz onlara aman vermir. İşğalçı əsgərlər bizim torpağımıza soxulduqlarına görə hər an oradaca məhv edilirlər. Biz müharibəni öz torpaqlarımız uğrunda aparır, sivil erməniyə güllə atmırıq. Onlar isə bizim müharibədən kənar olan böyük şəhərlərimizi raket atəşinə tuturlar”.

M.Əmirhüseynova onu da bildirib ki, düşmənin xaincəsinə hücumları nə xalqımızı nə də dövlətimizi haqq işi uğrunda mübarizədən-müharibədən çəkindirə bilməz:

“Atəşkəsin imzalanması onlara verilən sonuncu şans idi. Məkirli düşmən bu şansdan yararlana bilmədi. Onlara xain xislətləri imkan vermədi ki, biz tərəfdən edilən sonuncu yaxşılığı, dünya dövlətlərinin xahişlərini nəzərə alaraq atdığımız humanist addımımızı dəyərləndirə bilsinlər. İşğalçılara qarşı başladığımız Vətən Müharibəsi Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, xalqımızın əzmi ilə qələbəylə sonuclanacaq.

Biz buna əminik: Azərbaycan bayrağı Şuşada, Xankəndidə və bütün işğal olunmuş ərazilərimizdə məğrurcasına dalğalanacaq”.