!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın hərbi cinayətlərinin dünyaya İFŞASI: "Azərbaycan bu prinsip əsasında hərəkət edir"

!Reklam – Yazi

Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində sistemli tədbirlər həyata keçirir.

Belə ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Azərbaycan xalqının irsini qəsdən hədəf alan Ermənistan bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəfindən bu dövrdə 70-ə yaxın məscid məhv edilib. Bütövlükdə isə işğal altında olmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub. Azərbaycan hər zaman Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. 44 günlük Vətən müharibəsindən sonra əldə olunan qələbə ilə ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi ola bildik. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zəruridir və qeyd etmək lazımdır ki, bu istiqamətdə bir xeyli işlər görülüb:

“Buna misal olaraq, “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti haqqında hesabat”ı, “Beynəlxalq insan haqları hüququ və beynelxalq humanitar hüququn Ermənistan tərəfindən pozuntularına dair” sənədlərin hazırlanmasını, eləcə də “Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair məlumat bazası”nın yaradılması və Azərbaycanın xarici işlər nazirindən BMT baş katibinə ünvanlanmış 4 may 2021-ci il tarixli məktubu göstərmək olar. Adını çəkdiyim sənədlərdə və eləcə də məlumat bazasında Ermənistan tərəfindən həyata keçirilmiş müharibə cinayətləri ilə bağlı geniş və ətraflı məlumatlar mövcuddur. Bu məlumatlar mütəmadi olaraq beynəlxalq təşkilatların nəzərinə çatdırılmaqla yanaşı, ayrı-ayrı dövlətlərdə bununla bağlı müxtəlif səviyyəli konfrans və seminarların keçirilməsinin də şahidi olmuşuq.

Eyni fəaliyyət təkcə Xarici İşlər Nazirliyi və ayrı-ayrı ölkələrdəki diplomatik korpuslarımız vasitəsilə deyil, həm də diaspor təşkilatlarımız tərəfindən də icra olunmaqdadır.
Amma bu məsələni təkcə müvafiq dövlət qurumlarımızın və ya diaspor təşkilatlarımızın da üzərinə qoymaq düzgün yanaşma deyil.

Ermənistanın təcavüzkar mövqeyi və bu gün də davam edən cinayətləri ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər birimizdən konkret fəaliyyət tələb olunur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə çıxışı olan elm adamlarımız, ziyalılarımızdan tutmuş, beynəlxaq əlaqələrə malik siyasi partiyalar, beynəlxalq koalisiyalarda təmsil olunan QHT-lər, xaricdə təhsil alan tələbələrə qədər hər kəs bu işdə fəal olmalıdır. Və ən əsası da bu fəaliyyət epizodik fəaliyyət olmamalı, davamlı olaraq həyata keçirilməlidir.

Çalışmalıyıq ki, bütün dünya 44 günlük Vətən savaşında erməni qoşunlarının münaqişə zonasından uzaqda olan mülki obyektləri hədəfə alması, 2020-ci il oktyabrın 11-i və 17-si Gəncədə, 29-u isə Bərdədə törədilmiş cinayətləri, ümumilikdə 27 sentyabr – 29 oktyabr tarixləri arasında baş vermiş cinayətlər nəticəsində uşaq, qadın, yaşlı olmaqla 90 dinc sakinimizin həyatını itirməsini, 392 mülki vətəndaşımızın yaralanmasını, eləcə də müharibənin başa çatmasından sonra ermənilər tərəfindən basdırılmış minalara görə 245 insanımızın həlak olması və ya ağır yaralanması haqqında ətraflı bilgiyə sahib olsun.

Heç şübhəsiz ki, mülki obyektlərin bombalanması beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayətidir və Ermənistan rəsmiləri buna görə məsuliyyət daşıyır”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov isə öz növbəsində qeyd edib:

“Artıq iki ilə yaxındır ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və bu prosesdə də humanizm prinsiplərini əsas götürərək hərəkət edib. İkinci Qarabağ savaşı dövründə Azərbaycan əsir götürdüyü erməni hərbçiləri ilə də humanizm prinsipləri əsasında davranıb. Ermənistan isə təkcə İkinci Qarabağ savaşında deyil, Birinci Qarabağ savaşında da insanlıq əleyhinə böyük cinayətlər törətmişdi.

30 ildir ki, Azərbaycanın 4 minə yaxın hərbi və mülki şəxslərindən hələ də xəbər yoxdur. Bu, böyük bir cinayətdir. Xocalı Soyqırımının törədilməsi, Azərbaycanın kənd, rayon və şəhərlərinin tamamilə viran qoyulması, insanların öldürülməsi, diri-diri basdırılması, yandırılması və sair kimi hallar ermənilərin törətdiyi ən böyük cinayətlərdən bir neçəsidir. Bundan başqa, Azərbaycan 30 il ərzində bütün beynəlxalq və regional platformalarda Ermənistanın daima şər və böhtanları ilə üz-üzə qalıb. Lakin 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi ermənilərlə yanaşı bütün dünya ictimaiyyətinə Azərbaycanın hansı prinsip əsasında hərəkət etdiyini göstərdi. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ savaşına kimi ermənilər Qarabağla yanaşı, Gəncə, Tərtər, Bərdə, Mingəçevir və digər şəhələri də hədəfə almışdılar. Nəticədə bir neçə dinc sakinimiz şəhid oldu. Azərbaycan bütün hallarda humanizm prinsipini əsas götürərək, Ermənistanın şəhərlərini vurmadı”.

Gülşən Şərif

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

 

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv