“Bugünkü situasiya elədir ki, Ermənistana həm Qərb, həm də Rusiya tərəfindən ciddi təzyiqlər göstərilir. Burada hər iki tərəf öz maraqlarını təmin etmək üçün ən zəif həlqənin Ermənistan olduğunu bilir və ona görə də bu ölkə üzərində maksimum təsirini saxlamağa, eləcə də ciddi rıçaqlarının formalaşmasına çalışırlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin de-fakto olaraq Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakının dondurulması ilə bağlı söylədiyi fikirlərə, habelə İrəvanda hökumət çevrilişinə cəhdlə bağlı yayımlanan informasiyalara münasibət bildirib.
Ə. Zülfüqaroğlu düşünür ki, son zamanlar daha aydın şəkildə bu məsələlər müşahidə edilir:
“Xüsusilə Zəngəzur dəhlizi fonunda Rusiyanın aktivləşməsindən və Ermənistana təzyiq etməsindən sonra Qərb də aktivləşməyə başladı və ABŞ-nin dövlət katibi Entoni Blinken tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edildi. Baş verənlər onu deməyə əsas verir ki, hər iki tərəf bir-biri sözügedən məsələyə ilə rəqabət fonunda yanaşır. Ona görə də Ermənistan manevr etməyə məcburdur. Yəni İrəvan çalışır ki, həm Qərblə münasibətlərini saxlasın, həm də Rusiya münasibətlərinin daha da pisləşməsinin qarşısını alsın”.
“Əlbəttə, İrəvan birtərəfli mövqe tutacağı halda, o zaman Qərb tərəfindən də cəzalandırıla bilər, çünki Qərbin bunun üçün kifayət qədər imkanları var. Bilirik ki, Ermənistandakı ən böyük səfirlik ABŞ-yə məxsusdur və hazırda Qərbin Ermənistana, xüsusilə də Paşinyan hökumətinə qarşı təsirləri getdikcə artır. Eyni zamanda, Rusiya da Ermənistanı cəzalandıra bilər. Ona görə də Ermənistan manevr etməyə məcburdur”, – deyə o, əlavə edib.
Mütəxəssis onu da diqqətə çatdırıb ki, rəsmi İrəvanın KTMT-də fəaliyyətini dondurması və bu tipli açıqlamalar verməsi Qərbə yönəlmiş bir mesajdır:
“Çünki Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın son zamanlar intensivləşdirdiyi təzyiqlərə uzun müddət davam gətirəcəyi inandırıcı deyil. Əgər Zəngəzur dəhlizi açılacaqsa, burada dəhlizə nəzarət imkanları Rusiyanın əlində olacaq ki, bu da Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Ona görə də Ermənistan qərbyönümlü siysətində dəyişikliyə getmədiyini nümayiş etdirmək üçün belə açıqlamalar verir. Xüsusilə də KTMT-də fəaliyyətinin dondurulması və buna bənzər ifadələrin səslənməsinin mahiyyətində, əsasən, bu mövzu dayanır”.
Onun fikrincə, hazırda Paşinyan hökumətinə qarşı Rusiyanın mövqeyi bəllidir və müxtəlif vaxtlarda Paşinyana qarşı təzyiq imkanları artırılıb, müxtəlif rıçaqlar işə salınıb:
“Amma Paşinyanın cəmiyyətdə kifayət qədər dəstəyi var və Rusiya hələ də Ermənistana tam nəzarət etdiyi üçün Paşinyan hökumətini daha sərt və beynəlxalq təzyiqləri üzərinə çəkməyəcək səviyyədə cəzalandırmaq istəmir. Ona görə də hökumət çevrilişlərinə cəhdin Rusiya tərəfindən həyata keçirilməsi ehtimalları nəzəri olaraq mümkün olsa da, amma indiki məqamda tərəflər arasında pərdə arxasında müəyyən proseslərin aparıldığını nəzərə alsaq, bu inandırıcı deyil. Xüsusilə Ermənistan Rusiya tərəfindən də gizli şəkildə silahlandırılır. Hesab edirəm ki, Paşinyanın bu açıqlamasını Qərbə yönəlmiş mesaj şəklində şərh etmək daha doğru olar”.
Rafi Müslümov