Ermənistanın İranı Azərbaycana qarşı qoyma cəhdi: “Rəsmi Bakının istənilən ssenariyə hazır diplomatik gedişləri…”

“Biz öz ərazimizdə nəyi harada inşa edəcəyimizi heç kimlə, xüsusilə də fərari orduya malik Ermənistanla müzakirə etmək niyyətində deyilik”.

Bunu İranşünas Vardan Voskonyanın Azərbaycanın Qarabağı Ermənistan və İrana qarşı genişmiqyaslı əməliyyat aparmaq üçün hərbiləşdirmiş zonaya çevirmək istəməsi yönündəki sözlərinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Ermənistanın təxribatçı mövqeyi Azərbaycanın fəaliyyətinə mane ola bilməz:

“Azərbaycanın azad etdiyi ərazilərdə, o cümlədən Zəngilanda inşa etdiyi hava limanı heç kimə qarşı yönəlməyib. Lənkəranda, Zaqatalada, Qəbələdə hava limanları tikmişik. Erməni tərəfin məntiqinə görə Lənkəranda inşa olunan hava limanı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar üçün nəzərdə tutulub? Bu iddialar çox gülüncdür.
Ermənistan öz fəaliyyətinə diqqətlə yanaşsın. Sülh müqavləsinin imzalanması, Azərbaycan ərazilərinin boşaldılması, erməni silahlılarının Azərbaycan torpaqlarından çıxarılması və digər məsələlərin həllinə çalışsın. Biz öz ərazimizdə nəyi harada inşa edəcəyimizi heç kimlə, xüsusilə də fərari orduya malik Ermənistanla müzakirə etmək niyyətində deyilik.

Sülh Ermənistana Azərbaycandan daha çox lazımdır. Müharibə və sonrakı dövrdə törədilən təxribatlardan sonra Ermənistan insan, texnika, ərazi itkilərinə məruz qalıb.
Azərbaycanın gündəliyi sülhdür. Sülh tərəfdarı olmasaydıq, beş bəndlik sülh təklifini Ermənistana təqdim etməzdik. Ermənistan işğalçı iddialarından əl çəkmək istəmir. Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayır. İnsanları bu faktlardan yayındırmaq üçün Ermənistan belə iddialarla çıxış edir. Lakin bu cəhdlər heç bir nəticə verməyəcək.

Azərbaycanın istənilən ssenariyə hazır diplomatik gedişləri daha əvvəldən planlı şəkildə qurulub. Ermənistanın təxribatçı mövqeyi Azərbaycanın fəaliyyətinə mane ola bilməz”.

Nəsimi Ələsgərli