Azərbaycan “bəlkə”siz dünyada ikili standartlara ən çox məruz qalan ölkədir. Təəccüblüdür ki, bir-birinin rəqibi, hətta düşməni olan ölkələr belə Azərbaycana qarşı edilən haqsızlıqlar qarşısında eyni mövqedən çıxış edir, “haqq və ədalət carçısı”, “demokratik dəyərlərin beşiyi” statuslarını rahatca tapdalaya bilir.
İstər Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə, həmçinin Vətən müharibəsi zamanı onillər boyu beynəlxalq hüquq tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsinin təsbit olunmasına baxmayaraq, “böyük güc”lər və onların maşaları Azərbaycana qarşı hədyanlar səsləndirməkdən, hətta Azərbaycanı işğalçı ölkə adlandırmaqdan belə çəkinmədi. Müharibə qaydalarına əməl edən, mülki obyektləri hədəf almayan Azərbaycanın şəhərlərinin Ermənistan tərəfindən raket atəşinə tutulması, nəticədə çox sayda insan tələfatının olması da həmin dairələr tərəfindən susqunluqla qarşılandı.
İllərdir davam edən oyun bu günlərdə yeni səviyyəyə doğru irəliləməkdədir. Sülh carçısı, bölgədə sabitliyin tərəfdarı olduğunu vurğulayan ölkələr aktiv şəkildə Ermənistanı silahlandırmağa davam edir. Son illər ərzində münasibətlərin korlandığı təəssüratı yaradan Rusiya belə Ermənistanı silahlandırır. Bunu isə Ermənistan parlamentinin deputatı, müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan etiraf edir. Onun sözlərinə görə, Rusiya silahların yeni partiyasını Ermənistana təhvil verib. İki ölkə arasında teatral münasibətlər bununla da yekunlaşmır. Rusiya və Ermənistanın qarşılıqlı ticarət həcmi 56 faizə yaxın artması “korlanmış” münasibətlərin gözdən pərdə asmaqdan başqa bir şey olmadığını sübut edir.
Bu iki pərdəli tamaşanın pərdə arxasında baş verənlər isə, şübhəsiz, Rusiyanın Qərbin sanksiyalarından yayınmaq üçün Ermənistandan körpü kimi istifadə etmək niyyətidir. Lakin rəsmi Moskvanın bu niyyəti belə Ermənistana silah tədarük edilməsinə baxmayaraq, Azərbaycana silah satışı edilməməsini açıqlamır. Aydındır ki, Rusiya hakimiyyətinin bu davranışının arxasında torpaqlarının 20 faizi uzun illər işğal altında qalmış Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi amili dayanır. Beynəlxalq hüququn tapdalanmasına, müxtəlif ədalətsizliklərə məruz qalmış Rəsmi Bakı eyni halın Kiyev üçün təkrarlanmamasının vacibliyini dünyaya dərs keçirmişcəsinə müdafiə edir.
Daha bir maraqlı məqam: Rusiyanın Emrənistan üzərindən sanskiyaaları dəldiyini bilməmiş olmayan Qərb dairələri İrəvanın bu davranışlarını göz yumur. Bununla da yetinməyən Qərb Ermənistanı aktiv şəkildə silahlandırmağa davam edir.
Hər zaman Emrənistanın maraqlarının müdafiəçisi kimi çıxış etmiş Qərb və Rusiyanın bu gün də eyni prinsipdən çıxış etməsinə isə rəsmi Bakının səssiz qalmayacağı bəllidir.