“Ermənistan BMT-də Azərbaycanla bağlı qətnamə çıxarmaq istəyir və bunun altını bir qədər maliyyə vəsaitlərinini ayrılması ilə bərkitmək istəyir”.
Bu fikri Ermənistanın sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi, Qarabağdakı separatçı rejimə dövlətlərarası kredit ayırmasını şərh edən politoloq Qədir Aslan Yenicag.az-a açıqlamasında səsləndirib.
Qədir Aslan bildirib ki, Ermənistan “hümanitar böhranı” rəsmiləşdirmək niyyətindədir:
“Ermənistanın əsl siması yenə üzə çıxdı. Onlar separatçı rejimə 360 milyon dollardan çox vəsait ayırırdılar. Çalışırdılar ki, o vəsaitin həcmini artırsınlar. Təxminən 2 ay bundan əvvəl Ermənistan hökuməti tərəfindən belə mesajlar verilmişdi ki, pensiya və müavinətlər dayandırılacaq, yenilənmə baş verməyəcək. Bundan başqa Qarabağda xidmət edənlərin yenilənməsi prosesinin də dayanacağı bildirilmişdi.
Ermənistan BMT-də Azərbaycanla bağlı qətnamə çıxarmaq və bunun altını bir qədər maliyyə vəsaitlərinini ayrılması ilə bərkitmək istəyir. Ermənistan göstərir ki, Qarabağdakı quruluşu dövlət kimi tanıyırlar. İlk dəfə Ruben Vardanyan Qarabağa gələndə belə bir addım atdı. Aclığı sənədləşdirmək üçün talon paylamağa başladı. BMT-də Azərbaycanla bağlı sənəd qəbul edə bilmədilər. Bunun ən böyük səbəbi o oldu ki, Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Onlar gördülər ki, səhv ediblər. Yenidən hüquqi əsas hazırlamağa başlayıblar. Hazırda Ermənistan BMT-yə yenidən müraciət ünvanlamaq üçün zəmin hazırlayır”.
Səxavət Məmməd