Ermənistanın mənasız “DİRƏNİŞ”İ: “Anklav kəndləri götürmək üçün hərbi güc tətbiq etməliyik” – İlham İsmayıl

“Ermənistanda bir milyon, Qarabağda isə min erməni qalsa belə, bu siyasətdən əl çəkməyəcəklər. Əsas məsələ ermənilərin siyasəti və onların havadarlarının siyasətidir ki, uzun müddət ərazidə qalsın. Təzyiq vasitələrinin hamısını bir-bir həyata keçirmək lazımdır. Necə ki Gorus-Qafan yolunda bunu etdik”.

Bunu Ermənistanın son bir il ərzində tutduğu xətt, Brüssel görüşündən gözləntilər və Zəngəzur dəhlizi məsələsini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, istər müharibə dövründə, istərsə də müharibədən sonra erməni tərəfi heç nəyi könüllü etməyib:

“10 noyabr bəyanatı da 44 günlük müharibənin təzyiqi idi. 10 noyabr bəyanatından sonra da erməni tərəfi təzyiqsiz geri addım atmayıb. Mina xəritələrini belə əsrlərin müqabilində veriblər. Yeri gəlmişkən, bundan sonra da könüllü şəkildə heç nəyi etmək fikirləri yoxdur. Dünən Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib. Nikol Paşinyan deyib ki, delimitasiya və demarkasiya işlərinə getməliyik. Təhlükəsizlik Şurasında isə belə bir fikir səslənib ki, bütün danışıqları dayandırmalı və güclənəndən sonra yenidən danışıqlara başlamalıyıq. Güclənmək deyəndə həm hərbi, həm diplomatik, həm də havadarlarının onları tam dəstəkləməsini, Azərbaycana beynəlxalq təzyiqlərin artmasını nəzərdə tuturlar. Erməni tərəfi danışıqlar aparmaqdan imtina edir. Çox güman ki, Brüssel görüşü formal xarakter daşıyacaq. Heç bir sənəd imzalanmayacaq. Uzaqbaşı mətbuat konfransı ola bilər. Orada da bildiriləcək ki, çalışacağıq, Soçi görüşündə əldə edilən razılaşmalara əməl edək. Soçi görüşündə imzalanan bəyanatda iki bənd var. Biri nəqliyyat kommunikasiyalarının açılması, digəri isə sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Bu məsələlərdən ötrü Rusiyanın məsləhətli yardımı ilə ikitərəfli komissiya yaradılması nəzərdə tutulub. Rusiya məsləhətli yardım etmir. Çünki komissiyanın yaradılması üçün vaxt göstərilməyib. Sadəcə olaraq bu məsələ uzun müddət davam edə bilər – 10 noyabr bəyanatının bəndlərinə əməl olunmadığı kimi”.

Dəhliz məsələsinə gəldikdə isə İlham İsmayıl prosesin illərlə uzanacağını vurğulayıb:

“İlk növbədə, dəhlizin açılması üçün yol yoxdur. Dəmiryolu çəkmək lazımdır. Bunu Rusiya etməlidir. İllərlə magistiral yol, dəmiryolu çəkiləcək. Onlar isə Laçını dəhliz formasında işlədəcək, çünki ora ruslar nəzarət edir.

Laçın dəhlizi ilə Naxçıvana gedən yolu müqayisə etməməliyik. Bu, Azərbaycanın zərərinədir. Ruslar nəzarət edir deyə bu o demək deyil ki, Laçından keçən yol dəhliz olmalıdır. Azərbaycan Zəngəzurdan, Meğridən keçəndən sonra yenə öz ərazisinə girmiş olur. Ermənistan isə Laçın dəhlizindən keçəndən sonra öz ərazisinə girmir. Qarabağ Azərbaycan ərazisidir.

Bu məsələlər uzanacaq. Təzyiq olmasa, nəticə əldə edilməyəcək. Demək ki, ilk növbədə, diplomatiyada təzyiqi artırmalıyıq. Bu gün Rusiya sülhməramıları Qarabağda olduğuna görə Azərbaycanın hər hansı hərbi əməliyyat keçirməyi qeyri-mümkündür. Kiçik atışmalar, lokal döyüşlər ola bilər. Ancaq bunlar ermənini geri çəkilməyə məcbur etməyəcək. Ən böyük rıçak Laçın dəhlizidir. Bağlayıram, sərhədimi qoyuram, bununla da bitir. Delimitasiya və demarkasiya etmirsən, heç etmə.

Əlimizdə xəritə var. Sərhədin harada başlayıb, harada qurtardığını bilirik. Sərhədimizi çəkib, mühəndis istehkam işlərini görürük, ən kəskin addımımızı isə anklav kəndlərlə bağlı atırıq. Anklav kəndləri götürmək üçün hərbi güc tətbiq etməliyik. Güc görmədikcə o ilan ölməyəcək”.

Səxavət Məmməd