“Ermənistanın nizamlama prosesinə yanaşması dəyişmədikcə danışıqlar prosesi…” – RƏY
- Yeni Çağ Media Qrupu
- 05.12.2022 - 22:40
- 437
“İrəvanın növbəti danışıqlar ərəfəsində irəli sürdüyü absurd şərtlər prosesin xeyli ləngiməsinə səbəb olub”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanla sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsinin dekabrın sonlarına qədər baş tuta biləcəyi haqda fikirlərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Ermənistan nizamlama prosesində konstruktiv mövqe tutsaydı, bu istiqamətdə çox böyük məsafə qət edilərdi:
“Azərbaycanın xarici işlər naziri Moskvada apardığı müzakirələrdən sonra təşkil olunan brifinqdə rəsmi Bakının mövqeyini ifadə edən mühüm fikirlər səsləndirdi. Bu çərçivədə Qarabağdakı ermənilərin hüquqlarından tutmuş danışıqlar prosesinin davamına qədər vacib məqamlara toxunuldu.
Nazirin qeyd etdiyi fikirlər arasında Ermənistanla imzalanacaq mümkün sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin bu ayın sonunda baş tuta biləcəyi də vurğulandı. Bildirildi ki, Azərbaycan danşıqların bu etapını əhatə edən yanaşmasını qarşı tərəfin diqqətinə çatdırıb.
Bakı bununla nizamlama prosesinin mümkün qədər tez yekunlaşmasında və dayanıqlı sülh sazişinin imzalanmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Lakin burada əsas problem Ermənistanın tutduğu mövqedir. İrəvanın növbəti danışıqlar ərəfəsində irəli sürdüyü absurd şərtlər prosesin xeyli ləngiməsinə səbəb olub. Ermənistanın nizamlama prosesinə yanaşması dəyişmədikcə danışıqlar prosesində irəliləyiş gözlənilmir.
O baxımdan, Azərbaycandan fərqli olaraq, Ermənistanın danışıqlara hazırlığı barəsində qəti fikir bildirmək çətinləşir. Eyni zamanda, İrəvanın gah Rusiyanın, gah da Qərbin diqtəsi ilə addım atdığını nəzərə aldıqda, məsələ daha da mürəkkəbləşir. Aydın olan budur ki, Ermənistan tez-gec Azərbaycanın şərtləri ilə tərtib edilən sülh müqaviləsini imzalamalıdır, ya da onun məhvini gətirəcək savaşa hazır olmalıdır”.
A.Zeynalov