“Azərbaycan qarşısında olduqca zəif Ermənistan deyil, Azərbaycanla eyni imkanları olan Ermənistanın formalaşdırılması prosesi gedir”.
Bu fikri Yenicag.az-a açıqlamasında Azərbaycan Ermənistan arasındakı gərginlik, bunun arxasındakı güclər və məqsədləri dəyərləndirən hərbi ekspert Ramil Məmmədli deyib.
Ramil Məmmədli bildirib ki, yaxın zamanda müharibə ehtimalı yoxdur.
“Gərginliyin olması ilə bağlı açıqlamalar xarici şərhçilər tərəfindən daha çox irəli sürülür. Yerli analitiklər də bununla bağlı bu yöndə fikirlər səsləndirirlər. Reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi blefdən başqa bir şey etmir. Müəyyən silahlar alınır. Zəngəzur istiqamətdən təhlükəsizliyin təmin olunması ABŞ hərbçilərinin təlim adı ilə həmin ərazilərdə dislokasiya olunması faktı da var. Ancaq bu, daha çox Ermənistanın təhlükəsizliyinin, müdafiəsinin təmin olunması məqsədi daşıyır”, – deyə o qeyd edib.
Ermənistanın silah alınmasına gəldikdə isə ekspert deyib ki, müqavilələr əsasında satın alınma tam yekunlaşmayıb.
“İstər Hindistanda, Fransadan və digər ölkələrdən silah və texnikaların Ermənistana çatırılması prosesi bitməyib. Bu təxminən qarşıdan gələn 2-3 il ərzində yekunlaşa bilər. Ermənistan hay-küy qaldırmaqla, Azərbaycan tərəfini ittiham etməklə, Azərbaycan tərəfi də Ermənistanı ittiham etməklə daha çox sülh müqaviləsinin sürətləndirilməsi məqsədi və diqqətin bura yönəldilməsi ilə bağlıdır. Dünyanın böyük dövlətləri Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini, münaqişənin bitməsi ilə bağlı məsələni birinci dərəcəli hesab etmirlər. Əsas birinci dərəcəli məsələ Ukrayna məsələsidir”, – deyə o bildirib.
R.Məmmədlinin sözlərinə görə, tərəflər bu münaqişənin həlli ilə bağlı xarici güclərin diqqətinin regiona yönəlməsinə çalışır:
“Bunun səbəbləri var. Azərbaycan yaxşı bilir ki, Ermənistan müstəqil şəkildə siyasi iradə nümayiş etdirərək, sülh müdafiəsinə imza atmayacaq. Ermənistan ABŞ-nin öhdəlik götürməsini istəyir. Ona görə də, hər iki tərəf hansısa böyük qüvvənin cavabdeh tərəf kimi iştirak etməsini istəyir. Ona görə də, siyasi gedişlərlə böyük dövlətlərin bu prosesdə iştirakına çalışırlar. Azərbaycan bu prosesdə Rusiyanın iştirak etməsində tərəfdardır. Ermənistan isə bu prosesdə ABŞ-nin iştrakçılığını istəyir. Belə çıxır ki, bu münaqişədə sülh yolu ilə yekunlaşması üçün Rusiya və ABŞ arasında şifahi razılaşma olmalıdır.
Prosesdə böyük güc olmayan tərəflər var. Bu İran, Türkiyədir. Fransa, Hindistan və Çinin də siyasi maraqları var.
Hazırkı vəziyyət ona görə gərgindir ki, Rusiya və ABŞ sülh müqaviləsinin imzalanması ilə bağlı siyasi iradə nümayiş etdirmirlər. Yalnız ABŞ-nin, yalnız Rusiyanın iştirakı real deyil. Ona görə də, proses 4 ildir ki, uzanır. Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında hərbi balansın formalaşdırılması üçün cəhdlər edilir. Azərbaycan qarşısında olduqca zəif Ermənistan deyil, Azərbaycanla eyni imkanları olan Ermənistanın formalaşdırılması prosesi gedir. Bunu da ABŞ və Fransa həyata keçirir.
Hərbi qarşıdurmanın baş verməsini bu gün real hesab etmirəm. Ola bilsin, 2025-26-cı ildə sülh müqaviləsi imzalanmazsa, qarşıdurma ola bilər. Bu da müqavilənin imzalanmasına razı salınması məqsədi ilə həyata keçirilə bilər”.
Səxavət Məmməd