Ermənistanın ödəməli olduğu TƏZMİNAT: “Azərbaycan bütün cəbhələrdə hücuma keçməlidir” – Partiya sədri
“Azərbaycan Ermənistanın sülh müqaviləsinə imza atması üçün maddi təzminat məsələsindən də təzyiq kimi istifadə etməlidir”.
Bunu Ermənistandan Qarabağda törətdikləri dağıntılara görə maddi təzminat tələb etməklə bağlı prosesin ləngiməsinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, maddi təzminatla bağlı proses çox ləng gedir və bu barədə informasiyanın olmaması narahatedicidir:
“Belə bir informasiya var idi ki, Azərbaycan tərəfi İngiltərənin bir hüquq firması ilə danışıb, iddia və təzminat məsələsini həmin hüquq firmasının köməkliyi ilə beynəlxalq təşkilatlar və məhkəmələr qarşısında qaldıracaqdı. Bəlkə də, iş gedir, ancaq bu barədə, nədənsə, cəmiyyətə bir informasiya verilmir. Faktlar, sübutlar toplanmalı idi. Əslində, hər şey var. Bu məsələ daim gündəmdə olmalıdır. Azərbaycan bu məsələdə tamamilə ləngiyir. Bunun üzərinə ciddi düşmək lazımdır. Tezliklə maddi təzminat məsələsi tələb edilməlidir. Təzminatla bağlı müxtəlif rəqəmlər səsləndi. Düşünürəm ki, Azərbaycan bütün cəbhələrdə hücuma keçməlidir, o cümlədən də təzminatla bağlı. Döyüş meydanında qalib gəlmişik, diplomatiya, informasiya, maddi təzminat sahəsində müharibə davam edir. Bir addım da geri çəkilmək olmaz. Ermənistana şərtlərimizi qəbul etdirmək üçün təzyiq vasitələrimizdən biri də maddi təzminat olmalıdır”.
Səxavət Məmməd