Ermənistanın Qarabağla bağlı YENİ PLANI: “Buna ciddi reaksiya verilməlidir”

“Sülhməramlıların olduğu ərazilərimizdə infrastruktrun, enerji və rabitə təchizatının yenidən qurulması istiqamətində müşahidə olunan addımlar təhlükəlidir”.

Yenicag.az xəbər verir ki, bunu ermənilərin Qarabağda su elektrik stansiyası tikməklə bağlı planına münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti Ermənistanın bu planına qarşı sərt reaksiya verməlidir:

“Erməni mediası yazır ki, qondarma “Arsax respubikası”nın qondarma prezidenti Arutunyan Kəlbəcərin Qozlu (Getavan) kəndində, Tərtər çayı üzərində su elektrik stansiyası tikməyi planlayır. Artıq bu haqda qərarın da qəbul edildiyi bildirilir. Hazırda bu ərazilər Rusiya sülhməramlılarının nəzarəti altındadır. 25 milyon dollar dəyərində və 17.6 Mvt gücündə olan “Getavan-1” SES Xankəndi və ətraf ərazilərin enerji təminatını həyata keçirməlidir. Vəsait Arutunyanın özünün müşahidə şurasının sədri olduğu “Arsax İnvestisiya Fondu” tərəfindən maliyyələşəcək.

Düşünürəm ki, belə bir ciddi, həyati əhəmiyyətli infrastruktur imkanın qondarma “Arsax respublikası”na yaradılması yolverilməzdir. Güman ki, onlar bunu Rusiyanın, oradakı sülhməramlıların dəstəyi ilə gerçəkləşdirəcəklər. Buna ciddi reaksiya vermək lazımdır. Ermənilər yenidən möhkəmlənmək fikrindədirlər. Bu cür addımlar, infrastruktur işləri Azərbaycan hökumətinin iştirakı ilə gerçəkləşməlidir. Ümid edirəm ki, hökumət qondarma “Arsax prezidentinin” bu addımlarının qarşısını alacaq”.

Gülşən Şərif