Ermənistanın qeyri-insani mina tələləri: “Bu barbarlığı dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”
“Artıq iki gündür ki, Bakıda minaların ətraf mühitə təsirinin azaldılması, eləcə də yaşıl gələcək üçün resursların səfərbər olması mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir”.
Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Həmsöhbətimiz Bakıda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyəti və Azərbaycanın işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi ilə bağlı həyata keçirdiyi işlərdən söz açıb.
H. Babaoğluya görə, minatəmizləmə çox aktual bir məsələdir, çünki erməni barbarları Azərbaycan ərazilərini, xüsusilə də Qarabağ və Şərqi Zəngəzuru dünyanın minalarla ən çox çirkləndirilən zonasına çevirmişdilər:
“30 illik işğal dövründə 1 milyondan çox minanın basdırılması faktı mövcuddur ki, bunun təmizlənməsi üçün uzunmüddətli vaxt lazımdır. Bu gün öz ata-baba yurdlarına qayıdan Azərbaycan vətəndaşları Ermənistanın ən qeyri-insani şəkildə qurduğu mina tələləri ilə üzləşirlər. Ona görə də sözügedən problemin aradan qaldırılması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması, erməni barbarlığının ifşa olunması müharibə və humanitar hüququn pozulması ilə bağlı məsələlər bu cür beynəlxalq təşkilatlarda dünya ictimaiyyətinin diqqətinə çatdırılır və bir daha Ermənistanın cinayətləri bütün dünyaya tanıdılır”.
Parlamentari düşünür ki, belə konfransların çox böyük əhəmiyyəti var:
“Çox təəssüf ki, biz hələ bundan sonra da bənzər konfranslar keçirməyə davam etməliyik. Ona görə ki Azərbaycanın təqribən 10 min kvadrat km ərazisi işğaldan azad edilib və bu, 1 milyon 100 min ha yaxın torpaq deməkdir. Hazırda isə cəmisi 150 min ha yaxın torpaq minadan təmizlənib. Bu isə təmizlənən ərazilərinin 1/10-i deməkdir. Deməli, bizim hələlik görüləsi işlərimiz çoxdur və bu prosesdə daim erməni barbarlığını, onların qeyri-insanı davranışları və humanitar-beynəlxalq hüququ pozmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”.
Rafi Müslümov