Ermənistanın qiymətləndirməli olduğu JEST: “Onlara dağlar vəd edənlər məqamı gələndə…” – Millət vəkili

“Azərbaycanın apardığı lokal antiterror tədbirləri ilə bu məsələ də artıq öz həllini tapdı”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində son hadisələr fonunda Ermənistanın davranışını qiymətləndirməsinə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, lokal antiterror tədbirlərinin uğurla yekunlaşmasından sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalnması üçün heç bir maneə qalmayıb:

“19-20 sentyabr tarixində Qarabağda aparılan lokal antiterror tədbirləri zamanı Ermənistan özünü konstruktiv apardı və bu, Azərbaycanın daxili işi olduğundan, yenidən müharibə etməyəcəyini bildirdi. Ermənistanın bu hərəkəti təqdirə layiqdir və gələcəkdə ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması üçün yeni fürsət yaradacaq.

Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa etdiyi müraciətində bu məqama xüsusi toxundu və İrəvanın son olaylar fonunda səriştəli davrandığını ifadə etdi. Regionumuzun gələcəyi sülh və əməkdaşlıq üzərində qurulmalıdır. Ermənistan bir daha gördü ki, sözdə onlara dağlar vəd edənlər məqamı gələndə səslərini də çıxarmadılar.

Ermənistan rəhbərliyi bütün bunlardan nəticə çıxarmalı, regionda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün Azərbaycanla ikitərəfli formatda danışqlar aparmağa hazır olduğunu bildirməlidir.

Bildiyiniz kimi, Ermənistan sülh müaviləsinin imzalanmasında əsas maneə olaraq Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin olunmasında görürdü.

Azərbaycanın apardığı lokal antiterror tədbirləri ilə bu məsələ də artıq öz həllini tapdı və hesab edirəm ki, ölkələrimiz arasında sülh müqaviləsinin imzalnması üçün başqa bir maneə qalmadı”.

A.Zeynalov