İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyan bu günlərdə mətbuata açıqlamasında bəyan edib ki, yaxın günlərdə Rusiyadan yeni silahlar gözləyirlər. Bu silahları da Ermənistan Moskvadan aldığı 200 milyon dollarlıq kredit qarşılığında əldə edir.
“İlin sonuna kimi biz əvvəlki müqaviləni həyata keçirəcəyik. Bu günlərdə yeni partiya gözləyirik, ilin sonuna kimi əvvəlki müqavilə ilə bağlı bütün məsələləri bağlayacağıq” – Sarkisyan belə deyib.
Sarkisyanın bu açıqlamasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İrəvanın silahlandırılması bölgə üçün ağır nəticələrə gətirib çıxara bilər:
“Ermənistan hazırda bölgənin ən çox silahlandırılan bir ərazisidir. Bu prosesdə də Rusiya Ermənistana dəstək olur. İşğalçı dövlət bu addımı ilə Avropada adi silahların və silahlı qüvvələrin saxlanılmasına dair kvotanı ən azından 20 dəfəyədək aşıb. Bu nöqteyi-nəzərdən Rusiyanın yenidən kredit adı altında Ermənistana silah verməsi bölgə üçün çox ağır nəticələrə gətirib çıxara bilər”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə qeyd etdi ki, işğalçı dövlət başçısının sözügedən açıqlaması daha çox daxili auditoriyaya hesablanmış fikirlərdir:
“Sarkisyanın yaxın günlərdə Rusiyadan yeni silahlar gözlədikləri ilə bağlı verdiyi açıqlama eyni zamanda Ermənistanın daxili ictimai rəyinə hesablanıb. Bildiyimiz kimi, Ermənistanda aparılan siyasətə görə gərgin müzakirələr getdikcə daha geniş vüsət almağa başlayır. Xüsusən də 2008-ci ilin avqustundan sonra Ermənistanda təhlükəsizlik və xarici siyasətdə müəyyən dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlməyə başladı. Digər tərəfdən, Azərbaycan Ermənistanın özünə əsas müttəfiq hesab etdiyi Rusiya ilə hərbi əlaqələr də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığı genişləndirir.
Eyni zamanda, bu arada Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə görüş keçirilir. Bu fonda da Sarkisyan daxildə yaşanan ictimai narazılığı azaltmaq üçün Rusiyadan yeni silahlar almaqla müdafiə qabiliyyətlərini gücləndirəcəklərilə bağlı məsələni ortaya atmaqla Ermənistanın xarici siyasət kursunun uğursuz olmadığı görüntüsünü yaratmağa çalışır. Bununla Sarkisyan həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin Tehran görüşü fonunda regional mənzərəni də dəyişdirməyə çalışır. Belə bir fikir ortaya atır ki, Azərbaycan və Rusiya prezidentləri nə qədər görüşsələr də, Moskva hər zaman Ermənistana hərbi dəstək verib və verəcək. Amma ümumi hərbi büdcəyə baxanda Ermənistanın Rusiyadan aldığı silahların böyük olmadığını görürük. Verilən kredit müqabilində Rusiyadan silah almaq müvəqqətidir”.
ELÇİN