Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ermənistanın sabiq prezidentləri öz layiqli cəzalarını alacaqlar" - Yusif Bağırzadə 

Reklam: High Technic

“Uzun illər ərzində Ermənistana rəhbərlik etmiş şəxslərin hamısı cinayətkardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycan xalqına, eləcə də öz xalqına qarşı törətdikləri cinayətləri dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, istər Köçəryan, istər Sarkisyan, istərsə də Ermənistana rəhbərlik etmiş digər şəxslərin hər biri Azərbaycana qarşı cinayətlərin birbaşa iştirakçısıdır:

“Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd etmiş bu cinayətkarların Qaradağlıda, Xocalıda törətdikləri soyqırımları, daha sonra digər bölgələrimizdə uşaq, qadın, yaşlı demədən mülki əhalinin hədəfə alınması, elə bir müddət əvvəl Gəncə və Bərdədə törətdikləri cinayətləri heç zaman unutmayacağıq.

Bu gün hər bir Azərbaycan vətəndaşı ermənilərin 1992- ci il fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfəri (uşaq, qadın, qoca) əsir götürməsini, 33 nəfərin güllələnməsini, eyni zamanda, öldürülənlərin cəsədlərini və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmalarını, daha sonra əsir götürülənlərdən 68 nəfərinin amansızlıqla öldürülməsini, əsirlikdə saxlanılanlara qarşı vandalizmi, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, işgəncə verilərək öldürülməsini heç vaxt unuda bilmərik.

Eynilə  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalıya hücum edərək şəhəri tamamilə dağıtması, yandırması və insanlarımızı xüsusi qəddarlıqla qətlə yetirməsini, bu soyqırım nəticəsində 613 nəfərin öldürülməsini də unutmamalı və unutdurmamalıyıq. Bunlar insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdir”.

Köçəryanın sadəcə olaraq, Qarabağda erməniləri radikallaşdıraraq, onları cinayətə sövq etməklə kifayətlənmədiyini, həm də Ermənistanın siyasətini radikallaşdırdığını bildirən politoloqun fikrincə, ondan sonra bu kursu Serj Sarkisyan davam etdirib:

“Paşinyanın birbaşa təlimatı ilə Ermənistanın ikinci və üçüncü prezidentlərinə, müvafiq olaraq Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işləri açılıb. Həmçinin keçmiş prezidentin qardaşı oğlu Hayk Sarkisyan qanunsuz silah əldəetmə və silah saxlamaqda ittiham olunub. Bundan əlavə, eks-prezidentin digər qardaşı oğlu Narek Sarkisyana, qardaşı Levon Sarkisyana və onun övladlarına qarşı da cinayət araşdırmaları başlanıb. Paşinyanın da etiraf etdiyi kimi, Köçəryan və Sarkisyan ordunu öz muzdlu dəstələrinə çeviriblər və törətdikləri cinayətlərə, ölkəni taladıqlarına görə məhkəmə qarşısında dayanmalı və cəza almalıdırlar. 2008-ci il martın 1-də Ermənistanda törədilmiş qırğının birbaşa cavabdehi olan Köçəryan da, daha sonra onun siyasətini davam etdirən Sarkisyan Ermənistanda da cinayətkar olaraq, tanınırlar”.

Yusif Bağırzadə bildirib ki, mövcud vəziyyətdə sözügedən şəxslər və onların sırasına qoşulan digər siyasətçilər Paşinyana istefaya getməsi üçün dekabrın 8-nə qədər vaxt veriblər. Məqsəd hakimiyyət dəyişikliyinə nail olaraq öz cinayətkar əməllərini davam etdirməkdən ibarətdir:

“Onlar çalışırlar ki, hakimiyyəti zəbt edərək Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyini tanısınlar və bununla da Rusiya prezidenti Vladimir Putinin tez-tez təkrar etdiyi “hətta Ermənistan belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb” fikirlərinə nöqtə qoymuş olsunlar. Bu isə faktiki olaraq yeni cinayətlərin başlanğıcı olacaq və ən əsası, Putinin də imzaladığı və  qarant durduğu üçtərəfli bəyanata kölgə salacaq ki, Rusiya bununla heç bir halda barışa bilməz. Elə bunun nəticəsidir ki, Putin tərəfindən KTMT üzvü olan dövlətlərə Paşinyana dəstək vermək üçün müraciət olundu. Paşinyanı hələ bir müddət də hakimiyyətdə saxlamaq üçün hökumətdən narazı kütləni, yəni uzun müddət Qarabağ ərazisində yaşayan insanları Ermənistandan uzaqlaşdıraraq Qarabağ ərazisinə daşıması da baş verəcəklərin qarşısını almağa hesablanmış siyasi gedişdir desək, səhv etmərik”.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən məlum cinayətlərin hər biri ilə bağlı müvafiq cinayət işlərinin açıldığını və onların cinayətləri ilə bağlı faktların sənədləşdirildiyini qeyd edən politoloq bildirib ki,  zamanı gələndə, həmin sənədlər beynəlxalq məhkəmələrə  təqdim olunacaq və cinayətkarlar layiqli cəzalarını mütləq alacaqlar:

“Biz buna mütləq nail olacağıq. Müstəqil dövlət olaraq, ötən müddət ərzində çox məsələlərin həllinə nail olmuşuq. Yəni Azərbaycanın dünya ölkələri arasında özünəməxsus və çox yüksək səviyyəli yer tutması, ölkəmizin müstəqil dövlət kimi qüdrətli və güclü bir məmləkətə çevrilməsi, ən yüksək tribunalardan səsinin eşidilməsi – dünyaya yayılması, 2016-cı ilin Aprel döyüşlərində  əldə edilən qələbə, uğurlu Günnüt əməliyyatı, 44 günlük Vətən Müharibəsindəki qələbəmiz, Azərbaycan iqtisadiyyatının – enerji ehtiyatlarının Avropanın enerji təminatında və təhlükəsizliyində mühüm rol oynaması, ölkəmizin bütün qitələr üçün mərkəzi nəqliyyat tranzitinə, məkanına çevrilməsinə necə nail omuşuqsa, Azərbaycana qarşı cinayət törətmiş şəxslərin layiqli cəza almalarına da nail olacağıq”.

Gülşən Şərif

www.yenicag.az

314